Pomidor bir vaxtlar Avropada qorxu mənbəyi olub

Bu gün salatlardan pizzaya qədər mətbəxlərin əsas məhsulu olan pomidor, 16-17-ci əsrlərdə Avropada tamamilə fərqli bir imicdə idi. Bir çox insanlar pomidorun zəhərli olduğuna inanırdılar. Hətta aristokratların ölümündə pomidoru günahlandıran vaxtlar olub. Görünüşündən qaynaqlanan səhv təsnifatlar, maraqlı nəzəriyyələr və şübhələr bu tərəvəzi əsrlər boyu qorxulu bir qida halına gətirib.
Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
Avropaya gələndə pomidoru “zəhərli bitki” ilə səhv salıblar.
Pomidor Cənubi Amerikada yaranıb və Azteklər tərəfindən "tomatl" kimi istehlak edilib. 16-cı əsrdə İspan tədqiqatçıları tərəfindən Avropaya gətiriləndə İtaliya onların ilk dayanacağı olub. Bununla belə, italyan botanik Pietro Andrea Mattioli, pomidoru bəziləri zəhərli olan gecə kölgəsi ailəsinə aid bitkilərlə qruplaşdırıb.
Pomidor yarpaqlarının həqiqətən zəhərli olması ictimaiyyətin nəzərində bu təsnifatı daha da inandırıcı etdi. O vaxtlar bitki ilə tanış olmayanlar onları ekzotik bir bəzək kimi yetişdirirdilər. Hətta onların yeməli olduğunu bilənlər belə, həqiqətən zərərli olub-olmadığını düşünərək qorxurdular. Uzun illər pomidor masadan kənarda saxlanılırdı.
Əvvəlcə italyan dilində "qızıl alma" mənasını verən "pomi d'oro" adlandırılan pomidor, nəhayət, aristokratların ölümünün səbəbi olduğu güman edilən "zəhərli alma"ya çevrildi.
Əslində isə, bu ölümlərin səbəbi pomidorların özləri deyil, istifadə edilən qab-qacaq olub. Varlılar yüksək qurğuşun olan qalay boşqablarda yeyirdilər. Pomidorların yüksək turşuluğu bu boşqablardakı qurğuşunu həll edir və qidaya qarışırdı. Bu, qurğuşun zəhərlənməsinə səbəb olub, lakin heç kim əsl səbəbi bilməyib:
Nəticədə, pomidor ölüm səbəbi kimi damğalandı. Bu hekayə o qədər təsirli idi ki, əsrlər boyu xüsusilə yuxarı təbəqələr pomidordan qaçırdılar.
1597-ci ildə ingilis botanik Con Cerard yazırdı ki, pomidor pis qoxuludur və yemək olmaz.
Bu yanlış fikir həm Britaniyada, həm də Şimali Amerikada 200 ildən çox davam etdi. O vaxt bəzi kənd təsərrüfatı dərsliklərində pomidorun ürəkbulanma və qusmaya səbəb olduğu iddia edilirdi.
Üstəlik, görünüşü gecə kölgəsi ailəsinin üzvü olan ölümcül belladonna bitkisinin görünüşünə çox bənzəyirdi. “Zəhərli bitkiyə bənzəyirsə, zəhərli olmalıdır” fikri üstünlük təşkil edirdi. 18-ci və 19-cu əsrlərdə pomidor tarlalarında görünən böyük yaşıl pomidor buynuz qurdu yeni bir çaxnaşmaya səbəb oldu.
Ağ zolaqları və kürəyində buynuza bənzər çıxıntısı olan bu tırtıla toxunmağın belə ölümlə nəticələnəcəyinə inanılırdı. Bəziləri tırtılın pomidorları çirkləndirdiyini düşünürdü. Zaman keçdikcə bu qorxular əsassız oldu və pomidor öz reputasiyasını bərpa etməyə başladı.
1800-cü illərin sonlarına doğru kənd təsərrüfatı cəmiyyətlərinin səyləri və yeni reseptlərin yayılması sayəsində mətbəxdə pomidor daha çox yayılmışdır. Joseph A. Campbellin 1897-ci ildə konservləşdirilmiş pomidor şorbasını təqdim etməsi tərəvəzi tamamilə populyarlaşdırdı. Bu gün dünyada hər il təxminən 180 milyon ton pomidor istehsal olunur və köhnə “zəhərli alma” indi süfrənin əsas məhsuludur.
Xanım






