Məhkəmə Trampın qərarını əngəllədi

ABŞ Apellyasiya Məhkəməsi Prezident Donald Trampın ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyəti üzvü Liza Kukun vəzifədən azad edilməsinə dair müraciətini rədd edib.
Sfera.az xəbər verir ki, paytaxt Vaşinqtondakı məhkəmə bildirib ki, FED İdarə Heyəti üzvləri yalnız “haqlı səbəb” əsasında vəzifədən uzaqlaşdırıla bilər.
Bundan əlavə, Kukun bu qərardan əvvəl məlumatlandırılmaq və müdafiə hüququ olduğu vurğulanıb.
Beləliklə, məhkəmə Trampın Kukun vəzifədən uzaqlaşdırılmasını müvəqqəti dayandıran alt məhkəmə qərarının ləğv edilməsi ilə bağlı müraciətini qəbul etməyib. ABŞ mediasının məlumatına görə, Tramp administrasiyası qərarı Ali Məhkəməyə daşımağı planlaşdırır.
Xatırladaq ki, Tramp avqustun 25-də Liza Kuku “ipoteka müqavilələrində yalan bəyanatlar verdiyi” iddiası ilə vəzifədən azad etdiyini açıqlamışdı. O, sosial şəbəkə hesabında Kuk üçün yazdığı məktubu paylaşaraq, FED Qanununun ona verdiyi səlahiyyətlərə istinad etmiş və “FED İdarə Heyəti üzvlüyü vəzifəniz dərhal ləğv olunur” ifadəsini işlətmişdi.
FED üzvü Kuk isə qərardan məhkəməyə şikayət edərək, Trampın onu vəzifədən uzaqlaşdırmasına etiraz edib. Vaşinqton Dairə Hakimi Kia Kobb ötən həftə açıqlamasında “ipoteka fırıldağı” iddialarının Kukun vəzifədən azad edilməsi üçün kifayət qədər əsas olmadığını bəyan etmiş və onun vəzifədən kənarlaşdırılmasını müvəqqəti dayandırmışdı.
Tramp administrasiyası bu qərara etiraz edərək Appelyasiya Məhkəməsinə müraciət etmişdi.
Niyaz Hacıyev
Sfera.az






