Səhrada doğuş edən qadın hamilə olduğunu bilmirmiş - FOTO

"Black Rock" səhrasında (Nevada, ABŞ) hər il keçirilən “Burning Man” festivalında gözlənilməz hadisə baş verib – 30 yaşlı Kayla Tompson öz kampında qız övladı dünyaya gətirib.
Sfera.az bildirir ki, hadisə avqustun 27-də baş verib. “Burning Man” festivalında hamilə olduğunu bilməyən qız uşaq dünyaya gətirib. Qadının sözlərinə görə, o yatarkən qəflətən kəskin ağrı hiss edib və bir neçə dəqiqə sonra onun təxminən 3 kiloqram ağırlığında ilk övladı dünyaya gəlib. Doğuş onun həyat yoldaşı Keysi Tompsonla birlikdə olduğu düşərgənin hamamında baş verib.
Kayla "Hamilə olduğumu belə bilmirdim. Heç bir əlamət yox idi" deyib. O, xəstəxanadakı həkimlərin və tibb bacılarının onun vəziyyətinə təəccübləndiyini də qeyd edib.
Doğuşdan sonra Keysi kömək çağırmaq üçün mikroavtobusdan qaçıb. Hadisə yerinə festivalın tibb işçiləri, o cümlədən neonatoloq, pediatr, mama-ginekoloq gəlib. Ana və yeni doğulmuş qız təcili yardım otağına aparılıb, daha sonra Nevada ştatının Reno şəhərindəki xəstəxanaya çatdırılıb.
Keysi Tompson çətin bir qərar verməli olduğunu etiraf edib: həyat yoldaşını təcili yardım maşınında müşayiət etmək və ya uşaqla helikopterdə uçmaq. O, həyat yoldaşının yanında qalmağa üstünlük verib.
“Burning Man” Layihəsi rəsmi açıqlamada uşağın doğulmasının bütün festival üçün birlik və sevinc simvoluna çevrildiyini vurğulayıb.
"Külək, isti və fırtınalar arasında onlar “Black Rock City” dünyasına yeni həyat gətirdilər. Bu “Burning Man”da qeyd etdiyimiz bütün şeylərdən ən qiymətlisinin həyat, transformasiya və sevgi olduğunun bariz nümunəsidir"- deyə təşkilatçılar qeyd ediblər.
Qeyd edək ki, "Burning Man" – hər il Nevada ştatındakı Qara Qaya səhrasında (Black Rock Desert) baş tutur. Minlərlə insan bir həftəlik "şəhər" quraraq, orada yaradıcılıq, azadlıq, paylaşım və özünüifadə prinsipləri ilə yaşayır.
Xanım







