Bu şəxslərdə depressiya riski yüksək olur

ABŞ-də aparılan yeni araşdırma göstərib ki, yalnız özünü düşünən insanlar depressiya və şəxsiyyət pozuntusuna daha çox meyllidirlər.
Kolumbiya Universitetinin alimləri 1 000 nəfərin beyin fəaliyyətini analiz edərək müəyyən ediblər ki, insanlar hətta zehni boşluq anlarında belə tez-tez özləri ilə bağlı fikirlərə yönəlirlər və bu zaman beynin müəyyən bölgələrində aktivlik artır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, koqnitiv neyroelm mütəxəssisi, professor Meqan Meyer “Jneurosci” jurnalında dərc edilən məqaləsində bildirib ki, bu nevroloji fəaliyyət depressiya və şəxsiyyət pozuntusunun başlanğıcını proqnozlaşdırmaq üçün mühüm göstərici ola bilər.
Mütəxəssislər gələcəkdə bu nəticələr əsasında yeni müalicə metodlarının inkişaf etdiriləcəyini istisna etmirlər. Lakin Böyük Britaniyada bəzi psixiatrlar fərqli yanaşma sərgiləyirlər. Onlar hesab edirlər ki, “normal həyat stresləri” cəmiyyətdə tez-tez ruhi xəstəliklərlə qarışdırılır. Psixiatr Dr. Samir Cauhar isə qeyd edib:
“Klinik depressiya sadəcə pis əhval deyil, motor hərəkətlərdə yavaşlama, diqqət və yaddaş problemləri də bu vəziyyətin əsas əlamətlərindəndir”.
Rəsmi statistika da vəziyyətin ciddiliyini ortaya qoyur. Böyük Britaniyada hər beş nəfərdən biri depressiya və ya narahatlıq pozuntusu yaşayır. Dünyada isə 1,3 milyondan çox insan bu səbəbdən işsiz qalıb ki, bu da 2019-cu illə müqayisədə 40 faiz çoxdur.
Pandemiyadan sonra isə mənzərə daha da ağırlaşıb. Psixi problemlərə görə yardım axtaranların sayı əvvəlki dövrlə müqayisədə 40 faiz artaraq 4 milyona yaxınlaşıb.
Bəsti Rəfizadə
Sfera.az






