Bu tarixdə “Qanlı Ay” Bakıda görünəcək

7 sentyabr 2025-ci il gecəsi Azərbaycan sakinlərini möhtəşəm səma hadisəsi gözləyir.
Sfera.az xəbər verir ki, həmin gün tam Ay tutulması baş verəcək və Ay Yer kürəsinin kölgəsinə düşərək qırmızı rəngə bürünəcək.
Elm adamlarının sözlərinə görə, tutulma zamanı Günəş işığı Yer atmosferindən süzülür, mavi işıq dağılır, qırmızı və narıncı tonlar isə Ayın üzərinə düşərək onun “qanlı” görünməsinə səbəb olur.
Tam Ay tutulması Bakıda tam müşahidə olunacaq. Tutulmanın mərhələləri yerli vaxtla belədir:
Qismən kölgə başlanır – 19:28
Qismən tutulma başlanır – 20:27
Tam tutulma başlanır – 21:30
Maksimum anı – 22:11
Tam tutulma sona çatır – 22:52
Qismən tutulma bitir – 23:56
Penumbral tutulma bitir – 00:55 (8 sentyabr)
Ümumilikdə tutulma 5 saat 27 dəqiqə davam edəcək. Tam tutulma mərhələsi isə 1 saat 22 dəqiqə sürəcək.
Hadisə dünyanın böyük bir hissəsində – Avropa, Asiya, Afrika və Amerika qitələrində müşahidə ediləcək. Bakı da bu nadir astroloji mənzərəni izləyə bilən şəhərlərdən biridir.
Mütəxəssislər tutulmanı şəhər işıqlarından uzaq, açıq ərazilərdə izləməyi məsləhət görürlər. Hadisəni çılpaq gözlə görmək mümkündür, lakin durbin və ya teleskop daha aydın görüntü təmin edir. Fotoqrafiya həvəskarlarına isə tripod və uzun ekspozisiya üsulundan istifadə etmələri tövsiyə olunur.
Firuzə Əliyeva
Sfera.az






