Almatının ləzzət xəzinəsi: “Yaşıl Bazar”dan FOTOREPORTAJ

Almatının ləzzət xəzinəsi: "Yaşıl Bazar"dan FOTOREPORTAJ
Kateqoriya məlum deyil
T

Almatının mərkəzində yerləşən məşhur “Yaşıl Bazar” Qazaxıstanın ən qədim və tanınmış ticarət mərkəzlərindən biridir. XIX əsrdən bəri fəaliyyət göstərən bu bazar təkcə alış-veriş yeri deyil, həm də şəhərin mədəniyyətini, dadını və həyat ritmini özündə cəmləyən canlı bir məkan kimi tanınır. Burada ölkənin müxtəlif bölgələrindən gətirilən təzə məhsullar, milli yeməklər və əl işləri satılır. Yerli sakinlərlə yanaşı, turistlər də “Yaşıl Bazar”a gəlib Qazaxıstanın əsl ləzzətlərini dadmaq fürsəti əldə edirlər.

 

 

Sfera.az-ın əməkdaşı Qazaxıstana səfəri çərçivəsində Almatının "Yaşıl Bazar"ı ilə tanış olub, burada maraqlı fotolar çəkib.  

 


Bazarla tanışlıq zamanı buranın ət və ət məhsulları satılan bölməsi diqqəti daha çox cəlb edir. Bu bölmə çox zəngindir. Burada Azərbaycanın oxşar bazarlarında olduğu kimi sadəcə mal və qoyun əti deyil, həm də at əti və ondan hazırlanan məhsullar satılır.

 


At əti qazax mətbəxinin simvollarından biri sayılır. Qazaxıstanda at əti həm gündəlik yeməklərdə, həm də xüsusi mərasim süfrələrində mühüm yer tutur. Ən məşhur at əti məhsullarından biri isə qazıdır. Qazı at qabırğasından hazırlanan, ədviyyatlarla zənginləşdirilərək qurudulan ət məhsuludur. Onun bişirilən kolbasa növü də var. Bu ənənəvi ləzzət qədim çoban həyatından miras qalıb və bu gün də sevilə-sevilə istehlak olunur.

 


Meyvə-tərəvəz bölməsinə keçdikdə isə rənglərin və qoxuların harmoniyası bazarın canını göstərir. Təzə üzüm, şaftalı, alça, gavalı və digər mövsümi meyvələr səbətlərdə alıcıları cəlb edir. Satıcıların mehriban münasibəti və səmimi söhbətləri buranı təkcə alış-veriş yeri yox, həm də insanlar arasında ünsiyyət məkanına çevirir.

 

 

“Yaşıl Bazar”a gələn hər kəs burada Qazaxıstanın dadını, qoxusunu və mədəniyyətini bir arada yaşaya bilir. Bu bazar həm ənənəni, həm də müasir şəhər həyatını bir dam altında birləşdirən unikal bir məkan kimi yaşayır.

 


Bəsti Rəfizadə

FOTO: Anar

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR