Avropa İttifaqından yenilik - Maye məhdudiyyəti aradan qaldırılıb

Avropa İttifaqı 1 avqustdan etibarən əl baqajlarında 2 litrədək maye daşınmasına icazə verib. Yeni qayda yalnız 3D skaneri və ya yeni nəsil təhlükəsizlik skaneri istifadə olunan hava limanlarında tətbiq olunur.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu yeni texnologiya mayeləri və digər əşyaları daha dəqiq ayırd edir və təhlükəsizlik səbəbindən əvvəl 100 ml ilə məhdudlaşdırılan maye daşınması limiti 2 litrə qaldırılıb.
Beləliklə, sərnişinlər bir şüşə su ilə yanaşı, alkoqol, şərab və digər içkiləri də əl baqajına ala bilərlər.
Hazırda bu sistem Sürix, Roma, Bolonya və Torino hava limanlarında fəaliyyət göstərir və ilin sonuna qədər daha çox hava limanında tətbiq olunması planlaşdırılır. Almaniyada da yeni təhlükəsizlik skanerlərinin quraşdırılması davam edir.
Aİ-nin bu addımı, 11 sentyabr hadisələrindən sonra sərtləşdirilən maye daşınması qaydalarında böyük yumşalma kimi qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az






