Tarixdə ilk: Alyaska 150 ildən sonra rus liderini qarşılayacaq

Rusiya Prezidenti Vladimir Putin Alyaska ştatını ziyarət edən ilk rus lideri kimi tarixə düşəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 15 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Ukrayna məsələsi və iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün Putin uzun illərdən sonra ilk dəfə ABŞ-yə gələcək.
Onun 2015-ci ildə BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka səfəri son ABŞ səfəri kimi qiymətləndirilirdi.
Tarixdə Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qarbaçov, Boris Yeltsin və Dmitri Medvedev kimi liderlər ABŞ-ni ziyarət etsələr də, heç biri Alyaskaya getməmişdi.
Məlumat üçün bildirək ki, Alyaska yarımadası 1732-ci ildə rus kəşfiyyatçıları Mixail Qvozdyev və İvan Fedorov tərəfindən aşkar edilib. Əvvəllər Rusiyanın kürk ticarəti üçün strateji əhəmiyyət daşıyan bu torpaq, 1867-ci ildə 7,2 milyon dollara ABŞ-yə satılıb. Hazırkı qiymətlərlə bu məbləğ təxminən 150 milyon dollara bərabərdir.
Alyaskanın qurudan yalnız Kanada ilə sərhəddi var. Bu bölgə dənizdən Rusiyaya da yaxındır. Alyaska ilə Rusiya arasındakı məsafə 86 kilometrdir. Bu regionda yerləşən Böyük Diomede adası (Rusiya) ilə Kiçik Diomede adası (ABŞ) arasında isə cəmi 3,8 kilometr məsafə var. Sərhəd bu adalar arasından keçən Beynəlxalq Tarix Dəyişmə Xəttini əhatə edir.
Qeyd edək ki, Putin-Tramp görüşü zamanı Rusiyada artıq 16 avqust, ABŞ-da isə 15 avqust olacaq, aralarındakı zaman fərqi 21 saat təşkil edir.
Bəsti Rəfizadə
Sfera.az






