Azərbaycanın qədim və gözəl bölgəsi olan Şamaxının Meysəri kəndində yerləşən “Alpaka Ferması” son illərdə həm yerli, həm də xarici turistlərin diqqət mərkəzinə çevrilib. Bu qeyri-adi heyvanlarla təmasda olmaq üçün bura gələn insanlar sadəcə bir gəzinti yox, həm də daxili bir sakitlik tapırlar. Vətəni Cənubi Amerikanın And dağları hesab olunan alpakalar ilə Şamaxı dağlarının qoynunda rastlaşmaq həm yerli xalq üçün, həm də turistlər üçün heyrətamiz bir hissdir.
Sfera.az-ın əməkdaşı da bu hissləri yerində yaşamaq və oxuculara çatdırmaq üçün “Alpaka Ferması”nın qonağı oldu.
Fermaya çatanda insanları kənd havası və yaşıl ağacların kölgəsində dincələn alpakalar qarşılayır. Alpakaların qorunduğu fermanın əməkdaşı qapının ağzında dayanıb ziyarətçiləri gülümsəyərək salamlayır. Üzərində alpaka fiquru olan taxta qapıdan içəri keçərkən, sanki başqa bir dünyanın sərhəddindən keçmiş olur və sakit, stresssiz və qayğısız bir dünyaya gedirsiniz.
“Alpaka Ferması” Azərbaycanın bu tip ilk təsərrüfatıdır. Ferma Şamaxının Meysəri kəndində yerləşir və artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Cənubi Amerikadan, xüsusilə Peru və Boliviyadan gətirilən bu alpaka heyvanları burada yerli iqlimə uyğunlaşdırılaraq saxlanılır. Ferma sahiblərinin sözlərinə görə, məqsəd həm insanlara mənəvi rahatlıq vermək, həm də heyvanlara təbii və təhlükəsiz bir həyat şəraiti yaratmaqdır.
Fermanın əsas cazibəsi, əlbəttə ki, alpakaların özüdür. Qəhvəyi, ağ və krem rəngli alpakalar müxtəlif yaşdadır və ziyarətçilərlə tezliklə ünsiyyət qururlar. Hətta şəkil çəkdirərkən obyektivə baxmağı belə bilirlər. Uşaqlar və böyüklər üçün alpakaları yedizdirmək, toxunmaq, yanaqlarını oxşamaq sanki bir sakitləşdirici vərdişə çevrilir.
Alpakaların mövsümə uyğun olaraq görüntülərində də dəyişiklik müşahidə edilir. Qış aylarında bu heyvanların tükləri daha uzun, yayda isə qısa olur. Buna görə də alpakalar qışda daha canlı, yayda isə incə görünürlər.
Ferma 6 ildir fəaliyyət göstərir və burada alpakaların 75 növü saxlanılır. Heyvanlar çox sakit və mehriban olduqları üçün insanlar, o cümlədən uşaqlar üçün təhlükəsizdirlər.
Fermada yalnız alpakalarla tanışlıqla kifayətlənmək lazım deyil. Burada açıq hava yoqa seansları, piknik sahələri, uşaq meydançası və suvenir dükanı da mövcuddur. Fermaya gələn turistlər üçün xüsusi bələdçi xidmətləri və alpaka yemləri təqdim olunur. Bu da ərazinin ailəvi istirahət üçün ideal məkan halına gəlməsinə səbəb olur.
Bəsti Rəfizadə
Sfera.az