Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik aşkarlayıb. Maraqlı məqam isə qara dəliyin iki qalaktikanın nüvəsindən uzaqda – sistemin tam mərkəzində yerləşməsidir. Bu qeyri-adi mövqe alimlər arasında böyük maraq doğurub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Əbədiyyət Qalaktikası” adlandırılan bu struktur qısa müddət əvvəl toqquşmuş iki disk qalaktikadan ibarətdir.
Toqquşma nəticəsində yaranan quruluşun forması sonsuzluq simvolunu xatırladır. Alimlər qalaktikanın mərkəzində yerləşən sıx qaz buludları arasında nəhəng miqdarda maddəni udan superkütləli qara dəlik müşahidə ediblər.
Van Dokkum bu barədə açıqlamasında bildirib:
“Bu, indiyədək yeni yaranmış bir superkütləli qara dəliyin birbaşa müşahidə edildiyi ilk hal ola bilər. Əlimizdəki dəlillər bunu göstərir”.
Kəşf, NASA-nın “James Webb” Kosmik Teleskopu tərəfindən həyata keçirilən “COSMOS-Web” layihəsi çərçivəsində əldə olunmuş görüntülər əsasında aparılıb. Aparılan müşahidələr nəticəsində qara dəliyin təxminən 1 milyon Günəş kütləsinə sahib olduğu və Yer kürəsinin kütləsinin 300 milyard qatına bərabər olduğu müəyyən edilib. Bu kəşf, kainatın erkən dövrlərində superkütləli qara dəliklərin necə bu qədər tez formalaşa bildiyinə dair elmi müzakirələrə mühüm töhfə verir.
Tədqiqatçılar qara dəliyin doğrudan da yeni yaranmış superkütləli obyekt olduğunu təsdiqləmək üçün əlavə müşahidələrin aparılmasına ehtiyac olduğunu bildiriblər. Alimlər ilkin nəticələrin erkən kainatdakı qara dəliklərin sürətli inkişaf mexanizmini anlamaq baxımından əhəmiyyətli ipucları verdiyini də qeyd ediblər.
Bəsti Rəfizadə
Sfera.az