Qiza Piramidası yaxınlığındakı sirli bölgə nədir? - FOTOLAR

Qiza Piramidası yaxınlığındakı sirli bölgə nədir? - FOTOLAR

Misirdə, Qiza Piramidalarına 40 kilometr məsafədə yerləşən naməlum bir quruluş sosial mediada geniş müzakirələrə səbəb olub. "Google Xəritələr"də qeydə alınan kompleksin yadplanetlilərlə əlaqəli olduğu və ya hərbi obyekt kimi istifadə edildiyi iddia edilib.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qiza Piramidalarının cənubunda yerləşən, nal formasında və iti uclu olan bu müəmmalı tikili "Google Xəritələr"in istifadəçiləri tərəfindən aşkar edilib.

 

Rəsmi adı olmayan və 29°54’23”Ş 31°08’02”Q koordinatlarında yerləşən obyekt haqqında müxtəlif mülahizələr irəli sürülüb.

 

Bəzi sosial media istifadəçiləri onu məşhur elmi fantastika serialı "Stargate"ə bənzədərək, “Bu, ulduz keçididirmi?” sualını verib. Digərləri isə kompleksin kosmik gəmi, qədim bir tələ və ya hərbi baza ola biləcəyini irəli sürüb.


Araşdırmalar üzə çıxarıb ki, bu cür tikililər İran kimi ölkələrdə də mövcuddur və adətən raket buraxılış məntəqələri və ya döyüş təyyarələri üçün sığınacaq kimi istifadə olunub.


Misirdə 1950-1970-ci illər arasında buna bənzər tikililərin çox sayda inşa edildiyi bildirilib. Bu obyektlərin hava hücumlarından müdafiə məqsədilə qurulduğu və Sovet istehsalı olan yer-hava raketləri ilə təchiz edildiyi qeyd olunub.


Bənzər bir tikili 2016-cı ildə də gündəmə gəlmiş və onun yadplanetlilərlə əlaqəli olduğu iddia edilmişdi. "Secureteam10" adlı UFO tədqiqat qrupu bu cür kompleksləri “gizli hökumət bazaları” kimi təsvir edib.


Qeyd edək ki, Misir yadplanetlilərlə bağlı nəzəriyyələrin ən çox müzakirə edildiyi ölkələrdən biridir. Xüsusilə Qiza Piramidalarının yadplanetlilər tərəfindən inşa edildiyi iddiaları tez-tez gündəmə gəlir.


2020-ci ildə "Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru İlon Mask, “Piramidaları, təbii ki, yadplanetlilər inşa edib” paylaşımını edərək böyük müzakirələrə səbəb olmuşdu. Bu açıqlamadan sonra Misir rəsmiləri onu piramidaların tikintisi ilə bağlı araşdırma aparmağa dəvət etmişdi.
Nil çayının qərb sahilində yerləşən Qiza Piramidaları bu gün də mühəndislik möcüzəsi hesab edilir. 

 

Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR