Rusiya elektrik skuterləri ilə bağlı qadağalar tətbiq edəcək

Rusiya elektrik skuterləri ilə bağlı qadağalar tətbiq edəcək

Rusiya hökumətində elektrik skuterlərinin və elektrik velosipedlərinin səkilərdə istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan yeni yol hərəkəti qaydalarının müzakirəsi keçirilib.


Sfera.az “TASS”a istinadən xəbər verir ki, iclasda hökumət rəsmiləri, Sənaye və Ticarət Nazirliyi, Nəqliyyat Nazirliyi, Moskva Nəqliyyat Departamenti və Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak edib.


Müzakirələr zamanı əsas dəyişikliklərdən biri bütün şəxsi hərəkətlilik vasitələrinin (ŞHV) səkilərdə sürülməsinin tam qadağan edilməsi olub. Bununla yanaşı, gücü 100-250 Vt arasında olan elektrik velosipedlərinin e-velosiped, daha yüksək gücə malik olanların isə moped kimi təsnifləşdirilməsi təklif edilib. Yeni qaydalara əsasən, yetkinlik yaşına çatmayanlar üçün” kaskadan” istifadə məcburi olacaq və iki və ya daha çox insanın eyni anda e-velosiped sürməsi qadağan ediləcək.


Bununla yanaşı, hökumət alternativ variantları da nəzərdən keçirir. Belə ki, elektrik skuterləri və e-velosipedlər üçün velosiped yollarında, yolun sağ kənarında və bəzi hallarda səkilərdə hərəkətə icazə verilməsi məsələsi müzakirə olunur. Lakin bu prioritetin necə müəyyən ediləcəyi hələlik dəqiqləşdirilməyib.


İclasın yekunlarına əsasən, Nəqliyyat Nazirliyinə Daxili İşlər Nazirliyi və Moskva hökuməti ilə birlikdə piyadaların az olduğu piyada cığırlarında ŞHV-lərin istifadəsini araşdırmaq tapşırılıb. Yeni qaydalarla bağlı yekun layihə aprelin 3-dək hazırlanaraq hökumət aparatına təqdim olunmalıdır.


Hökumətin mətbuat xidməti bildirib ki, ŞHV-lərin, o cümlədən elektrik velosipedlərinin tənzimlənməsi ilə bağlı müzakirələr davam edir. Qərarın qəbulunda dövlət qurumlarının, deputatların və sənaye ekspertlərinin mövqeləri nəzərə alınacaq.


Fidan Haсızadə 


OXŞAR XƏBƏRLƏR