Beynəlxalq Kino Günüdür
Hər il 28 dekabrda Beynəlxalq Kino Günü qeyd olunur.
Sfera.az bildirir ki, bu günün tarixi 1895-ci ildən başlanır. Belə ki, həmin il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsəri də olub. Sözügedən qardaşların yaratdığı qısa filmlər kinonun inkişafına böyük töhfə verib. Ümumiyyətlə, Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq, ona maraq tezliklə sönəcək. Lakin tam əksi oldu. Nəticədə, Lümyer qardaşlarının çəkdiyi qısa filmlər gündəlik həyatdan kadrları əks etdirdi və tamaşaçılar üzərində dərin təsir buraxdı.
Qeyd etmək lazımdır ki, bu gün kino sadəcə bir əyləncə vasitəsi olmaqdan çıxıb, mədəniyyətlərarası körpü rolunu oynayır, həmçinin cəmiyyətin sosial və tarixi proseslərini əks etdirir, insan təxəyyülünü qidalandırır, bəşəriyyətin düşüncə və hisslərini tədqiq edir. Beynəlxalq Kino Günü isə kinonun bu əhəmiyyətini vurğulayır. Eyni zamanda bu tarix filmlərin yaratdığı əyləncə və incəsənət dəyərlərini xatırladır, kinosevərlərin və kino sənayesinin nümayəndələrinin kinoya olan ehtiraslarını bir daha qeyd etmələri üçün bir fürsət yaradır.
Azərbaycanda isə Milli Kino Günü hər il avqustun 2-də qeyd edilir.
Türkan