Oktyabrın 31-i Ümumdünya Şəhərlər Günüdür
Oktyabrın 31-i Ümumdünya Şəhərlər Günüdür.
Sfera.az xəbər verir ki, 2014-cü ildən başlayaraq hər il 31 oktyabr Ümumdünya Şəhərlər Günü (World Cities Day) kimi qeyd olunur.
Bu gün BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 2013-cü ilin dekabrında təsis edilib və dünya urbanizasiyası problemlərinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Həmçinin qətnamədə bütün dünyada şəhərlərin davamlı inkişafını təmin etmək üçün ölkələrin əməkdaşlığının gücləndirilməsindən bəhs olunur.
BMT tərəfindən bildirilib ki, 2024-cü ildə “Gənclər iqlim dəyişikliyinin katalizatorları” mövzusu altında keçiriləcək tədbirlərin builki mövzusu “Şəhər davamlılığı üçün yerli fəaliyyət”dir.
Təşkilat bu əlamətdar günlə bağlı yeni hesabatını dərc edib. Hesabatda iqlim dəyişikliyi kontekstində görünməmiş problemlərlə üzləşən şəhərlərdə 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin yaşayacağı proqnozlaşdırılır. 2030-cu ilə qədər insanların təxminən 60 faizi şəhərlərdə yaşayacaq, eyni zamanda, şəhər sakinlərinin 60 faizə qədərinin yaş həddi 18-dən aşağı olacaq. Dayanıqlı İnkişaf Məqsədləri (SDG) istiqamətində irəliləyişlərə baxmayaraq, şəhərlər, xüsusən Qlobal Cənubda yerləşən iri yaşayış məntəqələri yoxsulluq, bərabərsizlik və ətraf mühitin pisləşməsi fonunda təcili tədbirlər görülməsini tələb edir.
2024-cü il Ümumdünya Şəhərlər Günündə keçiriləcək tədbirin məqsədi şəhərlərdə iqlim problemlərinin həllində yerli hökumətlərin və gənclərin mühüm rolunu nümayiş etdirməkdir. Tədbirdə gənclərin təklif etdiyi innovativ ideyalar işıqlandırılacaq və onların konkret fəaliyyətə çevrilməsi yolları araşdırılacaq.
Qeyd edək ki, Azərbaycanda 79 şəhər mövcuddur. Bu şəhərlərin 6-sı Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşir. Şəhərlər arasında yanlız birində əhali sayı bir milyondan çoxdur. Bu, Bakı şəhəridir. Digər şəhərlərin əhalisinin sayı isə 500 mindən azdır. Əhalinin sayına görə, şəhərləri qruplaşdırsaq, 4 şəhərin əhalisinin sayı 100 mindən 500 minədək, 5-nin əhalisi 50 mindən 100 minə kimi, qalanının sayı isə 50 mindən azdır. Əhali sayı 5 mindən az olan 5 şəhər var. 2024-cü ilin əvvəlinə olan məlumata görə, əhali sayına görə Bakıdan sonra ən böyük şəhərlər Sumqayıt (427 min nəfər), Gəncə (331 min nəfər), Xırdalan (200 mindən nəfərdən çox), Mingəçevir (103 min nəfər), Naxçıvan (97 min nəfər) və Şirvandır (86 min nəfər).
Firuzə Əliyeva