Azərbaycanda hansı aylarda ölüm daha çox olur? – MÜQAYİSƏ
Azərbaycanda 2022 və 2023-cü illərə dair açıqlanan statistik məlumatlara əsasən, daha çox insan soyuq aylarda dünyasını dəyişir.
Sfera.az xəbər verir ki, ölkəmizdə 2022-ci ildə 62 036, 2023-cü ildə 52 470 vətəndaşımız dünyasını dəyişib. Ötən il ölənlərin sayı 9 566 vahid azalıb. Ümumi sayda azalma ilə yanaşı hər min nəfərə düşən ölüm göstəricisi də azalaraq 6,2-dən 5,2-yə enib.
Məlumatlardan görünür ki, Azərbaycan vətəndaşları daha çox havaların soyuq keçdiyi aylarda həyatla vidalaşır.
2022-ci ildə iyunda 4 491 nəfər, 2023-cü ildə 4 015 nəfər dünyasını dəyişdiyi halda 2022-ci ilin fevralında 6 548 nəfər, 2023-cü ilin eyni ayında isə 5 381 nəfər ölüb.
Ümumilikdə, havaların soyuq keçdiyi yanvar, fevral, mart, noyabr və dekabr aylarında 2022-ci ildə 29 076 nəfər, yaxud ilboyu dünyasını dəyişənlərin 47 faizi, 2023-cü ildə isə 26,8 min nəfər və ya cəmi dünyasını dəyişənlərin 51 faizi ölüb.
Havaların daha isti keçdiyi aylarda (iyun, iyul və avqust) 2023-cü ildə hər ay orta hesabla 4 774 nəfər, daha soyuq keçdiyi aylarda (yanvar, fevral və dekabr) hər ay orta hesabla 5 515 nəfər dünyasını dəyişib. Müqayisədən aydın olur ki, soyuq aylarda ölüm sayı havaların isti keçdiyi aylara nisbətən 15-16 faiz çox olur.
Vasif