Qulaqlıqdan uzun müddət istifadənin TƏHLÜKƏSİ: "Bu yaşda karlıq yaradacaq..."
Günümüzdə qulaqlıqlardan daha çox gənclər istifadə edir. Lakin qulaqlıqlardan aşırı istifadə təhlükəli və ziyanlı vərdişdir.
Bəs qulaqlıqlardan istifadənin nə kimi zərərləri var?
Mövzu ilə bağlı Sfera.az-a danışan qulaq, burun, boğaz cərrahı, otonevroloq Nigar Muradova bildirib ki, daima qulaqlıqlarla musiqiyə qulaq asan gənclərdə, 4 ildən sonra birinci dərəcəli eşitmə pozulması müşahidə edilir.
“40-50 yaşlarda həmin insanlarda eşitmə ciddi şəkildə zəifləyir. Qulaqlar yalnız qısamüddətli uca səslərə tab gətirə bilir. Əgər belə səslər insana uzun müddət ərzində təsir edirsə, bu, mütləq eşitmənin pozulmasına gətirib çıxaracaq və karlıq yaranacaq. İnsanlar arasında eşitmə pozulmasının artımı da müşahidə edilir. Əgər həmin qulaqlıqları eşitmə aparatına dəyişmək istəmirsinizsə, qulaqlıqlardan gün ərzində minimum səviyyədə və aşağı səsdə istifadə etməlisiniz”.
Həkim bildirib ki, qulaqlıqlar qulaq iltihabına da səbəb ola bilər.
"Kənar insanların qulaqlıqlarını istifadə etmək daha təhlükəlidir. Hər bir insanın dərisində minlərlə mikrob yaşayır. Heç bir halda şərikli qulaqlıqlardan istifadə etmək tövsiyə olunmur. Uzun müddət mahnı dinləmək sinir sisteminə də mənfi təsir göstərir. Bu da özlüyündə gərginlik, baş ağrıları və təzyiq yaradır".
Asya