Paranormal hadisələrlə tanınan bu yerlər Bermud üçbucağından daha təhlükəlidir
Dünyada sirləri açılmamış bir çox yerlər var. Bermud üçbucağı onlardan yalnız biridir.
Sfera.az bu yazıda sizi sizli səyahətə çıxardır.
Bas Boğazı Üçbucağı
Avstraliyanın Bermud üçbucağı kimi tanınan Bass boğazı Avstraliyanın cənub sahilində Viktoriya və Tasmaniya arasında yerləşən su hövzəsidir. Bass Boğazı itmələr, yadplanetlilərin adam qaçırması və sirli dəniz canlıları kimi hekayələrlə məşhur bir yerdir.
1920-ci ildə Bass boğazı ətrafında itmiş gəmini axtarmağa gedən hərbi bombardmançı təyyarə qəzaya uğrayıb. 1934-cü ildə Lonsstondan Melburna uçan təyyarə müəmmalı şəkildə yoxa çıxıb. Təyyarə ilə sonuncu əlaqə saat 10:20-də olub. Təyyarənin içərisində olan 9 sərnişin və 2 pilotun hamısı təyyarə ilə birlikdə yoxa çıxıb. İkinci Dünya Müharibəsi zamanı Bass boğazında bir çox təyyarə itdi. Ən mübahisəli təyyarə qəzası isə 1972-ci ildə baş verib. Brenda Hean və təyyarənin pilotu təyyarə ilə birlikdə yoxa çıxıblar. Heanın yoxa çıxması ilə bağlı çoxlu fərziyyələr var. Uçuşdan bir neçə gün əvvəl ölüm təhdidləri alan Hean naməlum nömrədən:
“Ümid edirəm ki, üzməyi bilirsən” mesajı alıb.
21 oktyabr 1978-ci ildə isə hadisələr daha da maraqlı olmağa başlayır.
Cessna ilə uçan Frederik Valentiç qülləyə onu naməlum obyektin izlədiyini bildirib və az sonra Frederikin təyyarəsi yoxa çıxıb. Frederik son çıxışında "Bu obyekt təyyarə deyil" deyib. Bu hadisənin baş verdiyi axşam Roy Manifold Bass Boğazı üzərində səmada naməlum obyektin fotosunu çəkib. Fotonun heç bir şəkildə dəyişdirilmədiyi ekspertlər tərəfindən təsdiqlənib. Royun oğlu Ceyson deyir ki, o, foto çəkilən zaman ətrafda bir təyyarənin uçduğunu eşidib. Maraqlı tərəfi odur ki, Ceysonun dediyinə görə, təyyarənin səsi sanki radio söndürülməsi kimi birdən kəsilib. Roy və Ceyson bu fotoşəkilin və təyyarə səsinin Frederikin yoxa çıxması ilə birbaşa əlaqəli olduğunu düşünür.
Bəzi insanlar Bass Boğazının digər su mənbələri qədər təhlükəsiz olduğunu düşünsələr də, Bass Boğazı üçbucağı bu müəmmalı hadisələrə görə daim sirli olaraq qalır.
Cənubi Atlantika Anomaliyası
Sirri açılmamış paranormal üçbucaqlar təkcə Yerdə deyil, həm də kosmosda mövcuddur. Braziliya sahilləri yaxınlığında yerləşən Cənubi Atlantika Anomaliyası (GAA) ilk dəfə 1958-ci ildə aşkar edilmişdir.
Ərazidən keçən kosmos gəmiləri və peyklər sistemin nasazlığı və bəzən tamamilə bağlanması kimi problemlər yaşayır. Beynəlxalq Kosmik Stansiya GAA yaxınlığından keçərkən kosmos proqramlarını ləğv edir. Hubble Teleskopunun müşahidə sistemi GAA yaxınlığında işləmir. Astronavtlar GAA yaxınlığından keçərkən ulduzların parlaması kimi qəribə hadisələrin şahidi olduqlarını da deyirlər.
Cənubi Atlantika Anomaliyasının ətrafında qəribə hadisələrin nədən qaynaqlandığını heç kim bilmir.
Bir fərziyəyə görə, həmin ərazidə yüksək radiasiya səviyyəsi bu anomaliyalara səbəb olur. Başqa bir nəzəriyyəyə görə, bu bölgədə Yerin maqnit sahəsi çox güclüdür. Bəzi insanlar bütün bunların yadplanetlilərlə əlaqəsi olduğunu düşünür.
Benninqton üçbucağı
Vermont yaxınlığındakı Qlastenberi dağının yaxınlığında yerləşən Benninqton Üçbucağı 1945-ci ildən bəri UFO müşahidələri, itmələr, izah olunmayan işıqlar və səslər kimi bir çox sirli hadisələrin baş verdiyi ərazidir.
1945-ci ildə 74 yaşlı turist bələdçisi Midi Rivers bir qrup ovçuya rəhbərlik edərkən heç bir iz buraxmadan, itib. Ovçular deyirlər ki, onlar bir anlıq Midini gözdən itiriblər və onu bir daha görməyiblər. 1946-cı ildə Middie kimi izsiz itən universitet tələbəsi Paula Welden axtarış-xilasetmə işlərinə baxmayaraq heç vaxt tapılmayıb.
Yerli amerikalıların inancına görə, Qlastenberi dağında üstündə dayanan insanları udduğu iddia edilən bir qaya var və bütün itkinlərə də səbəb budur.
1950-ci ilin oktyabrında Benninqton üçbucağında daha iki nəfər yoxa çıxıb. İlk hadisə oktyabrın 12-də 8 yaşlı Pol Cepsonun avtomobilində oynayarkən itkin düşməsi ilə baş verib. Paulun qoxusunu izləyən itlərlə axtarış-xilasetmə işləri aparılsa da, onu tapmaq mümkün olmayıb. Paulun atası deyir ki, o, Qlastenberi dağına heyran olub və bu heyranlıq onu məhv edib.
Oktyabrın 28-də əmisi oğlu ilə gəzintiyə çıxan Frieda Lander yoxa çıxmanın son qurbanıdır. Lander oradakı axar suda islanaraq paltarını dəyişmək üçün düşərgəyə qayıtmaq istəyib və bir daha əmisi oğlu onu görə bilməyib. Hadisədən 6 ay sonra onun cəsədi əvvəllər axtarış edilən ərazidə tapılıb. Frieda Lander Benninqton üçbucağında itkin düşənlər arasında cəsədi tapılan yeganə şəxsdir.
Əjdaha Üçbucağı
Filippin, Quam və Yaponiyanın cənub sahilləri arasında yerləşən Əjdaha Üçbucağının pis reputasiyası əsrlər əvvəlinə gedib çıxır. Yaponlar bu əraziyə Ma-no Umi (Şeytan dənizi) deyirlər. Bu bölgədə qorxunc dəniz canavarları və gəmilərin batmasına səbəb olan güclü küləklər haqqında saysız-hesabsız əfsanələr var. Əjdaha Üçbucağı adı da məhz Yapon əfsanəsindən gəlir. Rəvayətə görə, burada qasırğalar, böyük tufanlar və duman buludlarına səbəb olan dəhşətli bir əjdaha yaşayır.
Bu hallarla yanaşı, burada zaman qavrayışının təhrifi, elektromaqnit anomaliyaları, ruh gəmiləri və naməlum sualtı obyektlər kimi müəmmalı hadisələr də yaşanır.
1952 və 1954-cü illərdə göyərtəsində 700 nəfər olan Yapon gəmisi Əjdaha Üçbucağının sularında yoxa çıxıb. Yaponiya hökuməti bu ərazinin təhlükəli olduğunu və alimlərin bu ərazini araşdırmalı olduğunu bildirib. Bu bölgədə kəşfiyyat və tədqiqat ekspedisiya qrupları da yoxa çıxandan sonra Yaponiya hökuməti bu bölgədə araşdırmalara son qoydu. Bu itmələrin bölgədəki aktiv sualtı vulkan səbəbindən baş verdiyi bildirilir. Əjdaha Üçbucağı sirləri açılmamış bölgələr arasında demək olar ki, ən ilk sırada gələnlərdəndir.
Xanım
Sfera.az