Geyimlərdə niyə daha çox tünd rənglərə üstünlük verilir? - Psixoloqdan AÇIQLAMA

Müşahidələrimizə əsasən, vətəndaşlarımız geyimlərində qara rəngə üstünlük verir. Qış aylarında isə tünd rəngli paltara müraciət edənlərin sayı daha çoxdur.
Bəs insanlara rəng seçimində psixoloji cəhətdən nələr təsir edir? İnsanlar qara rəngə nəyə əsasən üstünlük verirlər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülər Məmmədova bildirib ki, insanların qara rəngə üstünlük verməsində bir neçə səbəb var:
“Bəzi insanların xarakterindəki sərtlik, ciddilik və perfeksionistlik onlardan monoton bir rəngdə geyinməyi tələb edir. Bu cür insanlar tünd rənglərə üstünlük verir. Tünd rənglər ciddiliyin rəmzi olduğu üçün insanların qara, boz və qəhvəyi rənglərə daha çox üstünlük verirlər.
Mövsüm də geyim rənglərinə təsir edir. Qış aylarında paltarların daha gec çirklənməsi üçün tünd rəngli geyimlərdən istifadə edənlər var.
Bunlardan əlavə, tünd rənglər bədən cizgilərini çox bildirmədiyi və nisbətən insanı daha yığcam göstərdiyi üçün bədəninə qarşı kompleksi olan insanlar da geyimlərində qara rəngə üstlünlük verirlər”.
Firuzə Əliyeva