Paranormal hadisələrlə məşhur xəstəxana - 502-ci otaqda nə baş verirdi?

Silsilə olaraq paranormal hadisələrin baş verdiyi, hamilə tibb bacısının özünü ataraq intihar etdiyi bu xəstəxana bu gün də turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.
Sfera.az paranormal hadisələrlə məşhurlaşan Waverly Hills Xəstəxanası haqqında yazı təqdim edir.
1910-cu ildə Kentukkidə açılan Waverly Hills Xəstəxanası ilkin olaraq vərəm xəstələrinə xidmət göstərmək üçün nəzərdə tutulmuşdu.
İlk açılanda cəmi 40-50 xəstə qəbul etsə də, xəstələri çox gözəl müalicə etsə də, zaman keçdikcə vərəmin artması ilə xəstələrin də sayı 400-500-ə çatmışdı. Bu zaman xəstələrə maraq azalmışdı.
Hələ vərəmin müalicəsi olmadığı üçün xəstəxanada tez-tez ölüm halları baş verirdi.
Vərəmin dərmanı tapılana qədər Waverly Hillsdə 60 min xəstə ölmüşdü.
Xəstəxana rəhbərliyi vərəmdən ölən xəstələri daşımaq üçün “Ölüm tuneli” adlı tunel inşa edib.
Bu tuneldən çölə çıxarılan ölülər xəstələrdən uzaqlaşdırılırdı.
Xəstəxana işçiləri vərəmlə mübarizə apararkən xəstəxanada çox qəribə hadisələr baş verməyə başladı.
İlk dəfə 1928-ci ildə hamilə tibb bacısı özünü 502-ci otağın pəncərəsindən atıb. 1932-ci ildə başqa bir tibb bacısı eyni otaqdan özünü aşağı atıb. Bundan əlavə, çöldə bir çox insanlar 502 nömrəli otağın yerləşdiyi 5-ci mərtəbədə kölgə gördüklərini bildiriblər.
Bu hadisələr baş verərkən vərəmin müalicəsi tapıldı və 1961-ci ildə ona ehtiyac qalmadığı üçün bağlandı.
Lakin Waverly Hills 1962-ci ildə Woofhaven Geriatrik Mərkəzi adı altında psixi xəstəxana kimi fəaliyyətə başladı.
Əqli qüsurlu insanların müalicəsi üçün istifadə edilən xəstəxanada amansız müalicə üsulları ucbatından illər ərzində çoxlu ölümlər baş verib.
O dərəcə ki, hətta müalicələrdən sonra xəstələrin çoxu tanınmaz hala düşüb. Xəstəxana 1982-ci ildə ardı-arası kəsilməyən şikayətlər nəticəsində bağlandı. Lakin paranormal hadisələrin baş verməsi kənardan insanları özünə cəlb etməyə davam edirdi.
Regional administrasiya Waverly Hillsə girişin qadağan olunduğunu elan etsə də, insanlar gizli şəkildə bu xəstəxanaya daxil olaraq paranormal hadisələrin şahidi olmaq istəyiblər.
İçəri girən bir çox insan koridorda top oynayan uşaqların səslərini, yemək iyini, xüsusən də ölüm dəhlizindən fərqli səslər gəldiyini bildirib.
Bundan əlavə, xəstəxananın ortasında birdən-birə peyda olan insan siluetləri ən çox yayılmış paranormal hadisələr arasındadır.
Bu gün də xəstəxananı ziyarət edən bir çoxları iddia edir ki, xəstəxananın dəhlizlərində dünyasını dəyişən insanların ruhları gəzir.
Bu ruhlar gecələr peyda olur və qapalı xəstəxananın divarlarında ölümün kölgəsini əks etdirir.
Ziyarətçilər səhərlər də buradan fəryad və qışqırıqların eşidildiyini iddia edir.
Hələ də sirri açılmamış bu paranormal hadisələrə səbəb kimi isə, həm vərəm müalicəsi zamanı, həm də əqli qüsurlu insanlara edilən qeyri-insani rəftar və işgəncələr göstərilir. İnsanlar işgəncələrə məruz qalan xəstələrin ruhlarının buranı tərk etmədiyini iddia edir.
Bu paranormal hadisələr haqqında 2006-cı ildə bir film də çəkilib.
(Maraqlananlar üçün: “Spooked: The Ghosts of Waverly Hills” adlı film xəstəxanada baş verən hadisələrdən bəhs edən bir qorxu filmidir).
Təbii ki, ruhlara, mistik hadisələrə inanmağımız mümkün deyil, amma real olan bir şey var: hələ də 502-ci otaqda nə baş verdiyi müəmmalı və maraqlı olaraq qalır.
Fakt budur ki, Waverly Hills Xəstəxanasında şəfa axtaran 63.000 insan ölümə tərk edilib, intihara və ya ağıllarını tamamilə itirməyə məcbur edilib.
Xanım
Sfera.az