Pişiklərdə 276 fərqli üz ifadəsi var - MARAQLI ARAŞDIRMA

Pişiklərdə 276 fərqli üz ifadəsi var - MARAQLI ARAŞDIRMA

ABŞ alimləri müəyyən ediblər ki, pişiklər bir-biri ilə əlaqə qurarkən 276 fərqli mimikadan istifadə edir.

 

Sfera.az xəbər verir  ki, alimlər 2021-ci ilin avqustundan 2022-ci ilin iyununa qədər ABŞ-nin Kaliforniya Universitetində 53 "British Shorthair" cinsli yetkin pişiyi araşdırıblar.

 

Tədqiqatçılar pişiklər üçün hazırlanmış "Üz Hərəkətini Kodlaşdırma Sistemi"ni istifadə edərək üz əzələlərindəki hərəkətlərin sayı və növlərinə baxaraq pişiklərin bir-biri ilə qarşılıqlı əlaqəsi zamanı yaranan "üz siqnallarını" araşdırıblar.

 

Tədqiqatçılar pişiklər arasında 186 qarşılıqlı əlaqəni qeydə alıb və ümumilikdə 688 üz siqnalını kodlaşdırıblar, bunlardan 413-ü erkək pişiklər, 275-i isə dişi pişiklər tərəfindən istifadə edilib.

 

Bu siqnalları araşdıran tədqiqatçılar pişiklərin bir-biri ilə əlaqə qurarkən 276 fərqli üz ifadəsindən istifadə etdiyini aşkar ediblər.

 

Tədqiqatçılar qeyd etdikləri hər ifadəyə məna aid edə bilməsələr də, kodlaşdırılmış ifadələrin 45,7 faizinin dostluq, 37 faizinin isə aqressiv olduğunu müəyyən ediblər.

 

Nəfəs alma və əsnəmə kimi bioloji proseslərlə əlaqəli əzələ hərəkətlərinin tədqiqata daxil edilmədiyi də bildirilib.

 

Araşdırmanın həmmüəllifi Brittani Florkieviz CNN-ə müsahibəsində "Bizim tədqiqat göstərir ki, pişiklər arasında ünsiyyət əvvəllər güman ediləndən daha mürəkkəbdir",- deyə bildirib.

 

Florkieviz əhliləşdirmənin pişiklərin üz siqnallarının inkişafına əhəmiyyətli təsir göstərdiyini də ifadə edib.

 

Tədqiqatçı qeyd edib ki pişiklər insanlarla yaşadıqları üçün sosial cəhətdən daha dözümlüdürlər, ona görə də üz ifadələri daha çoxdur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR