Dünyanın misligörünməmiş dələduzu

Dünyanın misligörünməmiş dələduzu

Maliyyə tarixinin ən böyük fırıldaq sxemini qurmaqda təqsirli bilinərək 150 il həbs cəzasına məhkum edilmiş Bernie Madoff 2021-ci ildə Amerikada həbsxanada vəfat edib. Zərərçəkənlərin ümumilikdə 65 milyon dollara yaxın məbləğdə aldadıldığı təxmin edilir. Madoffun varlı və ya kasıb olmasından asılı olmayaraq bir çox insanı aldatdığı məlumdur. Qurbanlar arasında kinorejissor Stiven Spilberq, aktyor cütlüyü Kevin Bekon və Kyra Sedgwick, yayımçı Larri Kinq və beysbol əfsanəsi Sandy Koufax da var.

Sfera.az bu yazıda indiyə qədər minlərlə insanın aldanmasına səbən olan “Ponzi sxemi” və onun qurucusu haqqında məlumat təqdim edir.


Bernie Madoff kimdir?


Bernie Madoff “Wall Street” maliyyəçisi olub.


O, 1938-ci ildə Nyu-Yorkda Şərqi Avropadan Amerikaya köçmüş fəhlə ailəsində anadan olub. Madoff xilasedici kimi çalışaraq və qazon suvarma çiləyiciləri quraşdıraraq yığdığı pulla qardaşı ilə birja şirkəti qurub. O, biznesə 1960-cı illərdə kiçik səhmlərin və ya böyük birjalarda siyahıya alınmayan kiçik şirkətlərin səhmlərinin alqı-satqısı ilə başlayıb.


Maliyyə dünyasına beləcə qədəm qoyan Madoff bir müddət sonra biznesini inkişaf etdirməyə başlayıb.

 

Qardaşı və iki oğlu ilə işləyən Madoff “Wall Street”in ən böyük marketmeykerlərindən birinə çevrilib. O, səhmlərin alıcılarını və satıcılarını bir araya gətirən, kompüterləşdirilmiş ticarətin qabaqcıllarından idi. O zamanlar öz sahəsində çox hörmətli şəxs olan Madoff texnologiya sahəsindəki təcrübəsindən ilk elektron fond bazarı olan “Nasdaq”ın yaradılmasına kömək edən texnologiyanı birgə təsis etmək üçün istifadə edib. Hətta eyni vaxtda bir müddət “Nasdaq”ın direktorlar şurasının sədri olub.
 

Bəs, o, dünyanın ən böyük Ponzi sxemini necə qurub?




O, öz cəmiyyətində uğurlu və hörmətli şəxs olsa da, Madoff əslində insanları aldadaraq, fırıldaqçılıqla məşğul idi. Özünü qiymətli kağızlar alverçisi kimi göstərən Madoff Ponzi sxemi qurub.
 

Bəs Ponzi sxemi tam olaraq nədir?


Ponzi sxemi piramida sxeminin bir növüdür. Özünü qiymətli kağızlar alverçisi kimi göstərən Madoff əslində Ponzi sxemi qururmuş. O, bunu müştərilərinə sabit, ikirəqəmli gəlirlər vəd etməklə, eyni zamanda, əslində yeni investorlardan ödənişlər alaraq və köhnə investorları geri qaytarmaqla edib.
Madoff iqtisadi durğunluqlara baxmayaraq bir müddət bu saxtakarlığı davam etdirə bilib.


O dövrdə Madoff fırıldaqları hələ aşkar edilmədiyi üçün qazancını müştərilərinə verən etibarlı bir şəxs kimi görünürdü. O, bu müddət ərzində Manhettendə, Lonq Aylenddə, Floridada və Fransanın cənubunda şəxsi təyyarələri, yaxtaları və evləri ilə dəbdəbəli bir həyat yaşayıb.
Madoffun Ponzi sxeminin iç üzü 2008-ci ildəki iqtisadi böhrandan sonra ortaya çıxıb.


Artıq Madoffa inamı artan investorlar yeni gəlir mənbələri azaldıqca pullarını geri çəkməyə başladılar. 2008-ci ilin noyabrına qədər investorlar tərəfindən geri çəkilən məbləğ 12 milyard dolları ötüb. Bu arada, Madoff iki oğluna biznesinin əsl mahiyyətini etiraf edərək, bunun "böyük bir yalan" olduğunu bildirib. Daha sonra onlar fırıldaqçılıq barədə səlahiyyətlilərə məlumat veriblər. Madoff 2008-ci ilin dekabrında Manhettendəki evində həbs olunub.
 

Madoff məhkəmədə Ponzi sxemini 1991-ci ildə qurduğunu bildirib. Lakin 1975-ci ildən şirkətdə çalışan hesab meneceri Frank DiPascali bu fırıldaqçılığın “gözünü açandan” bəri baş verdiyini deyib. Ona görə də bu saxtakarlığın nə vaxt başladığı dəqiq məlum olmayıb.
Madoffun müştərilərinə ümumilikdə 64,8 milyard dollar zərər vurduğu məlumdur.


Bu məbləğə onun ən azı iyirmi ildən artıqdır ki, müştərilərə geri göndərdiyi uydurma gəlirlər daxildir. Bu zərərin məbləği saxta hesab çıxarışlarında əks olunan məbləğ idi. Məhkəmə tərəfindən təyin edilmiş qəyyumlar, investorların Madoffun biznesinə sərf etdikləri təxmin edilən 17,5 milyard dollardan 14 milyard dolları geri ala biliblər.


2009-cu ilin martında o zaman 71 yaşlı Madoff qiymətli kağızlar fırıldaqçılığı da daxil olmaqla bir neçə ittihamda özünü təqsirli bilib.


Madoff çox peşman olduğunu və utandığını bildirib. Cinayətlərini inanılmaz dərəcədə utandırıcı olaraq xarakterizə edən məhkəmə onu 150 il həbs cəzasına məhkum edib.
 

Onun evləri və sərmayələri də daxil olmaqla şəxsi əmlakına, həmçinin həyat yoldaşının özünə məxsus olduğunu iddia etdiyi 80 milyon dollarlıq aktivinə həbs qoyulub. Qardaşı da 2012-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci ildə, 11 il həbsxanada yatdıqdan sonra, Madoff səhhətindəki problemləri əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılmasını tələb edib.


“The Washington Post” qəzetinə müsahibəsində o: “Mən ölümcül xəstəyəm. Xəstəliyimin dərmanı yoxdur. 11 ildir ki, cəzamı çəkirəm və açığı, bu müddət ərzində çox əziyyət çəkmişəm”-deyib. Onun işinə sədrlik edən hakim tələbi rədd edərək, Madoffun həqiqətən peşman olduğuna inanmadığını və sadəcə həyatının məhv olmasına kədərləndiyini bildirib.


Madoffun qurbanları kimlərdir?


Madoffun Ponzi sxemi işçi ailələrindən, o cümlədən fermerlər, müəllimlər və texniki işçilər, həmçinin Fars körfəzi və Palm Beach, Floridadakı varlı investorlardan pul götürürdü. Xeyriyyə fondları, pensiya fondları və universitet yardımları da aldadılıb.
 

Ən azı iki investor fırıldaqçılıq səbəbindən aktivlərini itirdikdən sonra intihar edib.
 

Ən ağrılı məqam isə Madoffu polislərə bildirən oğlanlarından birincisi Mark, atasının həbsindən iki il sonra, 2010-cu ildə intihar edib. Digər oğlu Endryu 2014-cü ildə 48 yaşında xərçəng xəstəliyindən vəfat edib. Endryu hər yerdə xəstəlik residivinin səbəbini ailəsinin fırıldaqçılıq stresi ilə əlaqələndirib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR