Putinin samovarı, Kərbəlayi İsmayılın xalçası və... – Bakıdakı antik dükandan REPORTAJ 

Putinin samovarı, Kərbəlayi İsmayılın xalçası və... – Bakıdakı antik dükandan REPORTAJ 

Antik əşyalar əsrlər boyunca dəyərini qoruyub saxlayıb. Bu əşyalar həm də tarixdir, dövrünün şahidləridir.

 

Sfera.az-ın əməkdaşı həmin əşyaların satıldığı məkanlardan birinə üz tutub. Söhbət “Şərq bazarı”nda yerləşən, Zakir Qəhrəmanova aid antik dükandan gedir.

 

Müsahibimiz hələ uşaqlıqdan antik əşyalara maraq göstərib. Həm antikvarçı, həm də xalça sahəsində istehsalçı olan Zakir bəylə söhbətimiz milli-mədəni irsin təbliği ilə başladı. Gürcülərin bu sahədə daha aktiv olduğunu deyən müsahibimiz antik əşyaları mədəniyyətin yüksək mərhələsi adlandırır:

 

“Uşaq vaxtlarımdan bu sahə ilə maraqlanırdım. “Pioner” düşərgələrinə gedəndə orada seçilirdim. Yəni qədim əşyalarla maraqlanır, yerdən nəsə tapanda onu təmizləyib nəzərdən keçirirdim. Kibrit qutuları, markalar, bəzi başqa şeylər yığırdım. Uşaq idim və maddi vəziyyətim stabil olmurdu. Amma yenə də kolleksiyaçılıqla məşğul olurdum”.

 

“Gürcüstandan gətirilən əşyaların çoxu saxtadır”

 

Müsahibimizin sözlərinə görə, oliqarxlar, məşhur insanların əksəriyyəti bu sahəyə maraq göstərir:

 

“Mənim Moskvada da dükanım olub, Rusiya bazarını da tanıyıram. Dövlət rəhbərləri, eləcə də Vladimir Putin də bu işin həvəskarıdır. Hətta Leninin özü bu sahəni mükəmməl bilirdi. Bu gün “Faberje”nin əsərləri dünyada məşhurdur. İndiyə qədər 71 "Faberje Yumurtası" buraxılıb, onun 54-ü müəyyən muzeylərdədir, qalanlarının harada olduğu hələ məlum deyil. Hətta onların qiyməti bu dəqiqə 15-30 milyon dollar aralığında dəyişir. Son dönəmlər bir dənəsi 70 milyona satılıb. Hər "Faberje Yumurtası"ndan biri tapıldıqca dəyəri artır. 1917-ci ildə inqilab zamanı "Faberje”nin Rusiyanın müəyyən əyalətlərində yerləşən fabrikləri müsadirə olundu. Faberje bu vaxt xaricə qaçsa da, onun şagirdləri qaldı. Həmin şəxslərə "Faberje”nin ən orijinal əşyasını düzəltməyi tapşırdılar və dövlətin müsadirə etdiyi əşyalarla onları dəyişdirdilər. Bu gün Gürcüstan ərazisində belə saxta əşyalar çoxdur. SSRİ dövründə antik əşyaların satışı qadağan idi, amma 70-ci illərdə dövlət səviyyəsində əmr verildi ki, antikvar dükanları açılsın. “Metropol”, “Luvr”, “Viktoriya və Albert” kimi tanınmış muzeylərə də xəbər çatdı. “Ermitaj”da əşyaların çoxunun saxta olduğu məlum oldu. Məsələn, insanlara 19-cu əsr əşyası kimi təqdim olunur, amma gerçək fərqlidir. Komissiya həm “Ermitaj”, həm də digər muzeylərdə yoxlamalar apardı və saxta əşyaların çox olduğunu ortaya çıxardı. Dövlət səviyyəsində bu cür əşyaların satışa çıxarılmasına qərar verildi. Həmin zamanlarda antikvar dükanları açdılar və satışını təşkil etdilər. Moskvada Seminoviç adlı bir müəllimim söhbəti zamanı deyirdi ki, o satışlarda ən çox üstünlük qazananlar gürcülər idi. O əşyaları almaq üçün növbəyə dururdular. Bu gün Gürcüstandan bura kifayət qədər əşya gətirirlər, mən bunun tərəfdarı deyiləm. Onların əksəriyyəti saxtadır”.

 

“Onun qiyməti əslində 100 min manat yox, 300-400 manatdır”

 

 

Zakir bəy deyir ki, sahəni mükəmməl öyrənmək üçün çox mütaliə etmək və əşyaları əyani görmək lazımdır:

 

“Bu sahədə muzeylə bizim fərqimiz var. Məsələn, bizim muzeylərdə kifayət qədər ixtisaslı şəxslər bu sahəni mükəmməl bilirlər, amma maraqlarımız üst-üstə düşmür. Onlar nəzəriyyəyə bələddirlər, bir əşya haqqında kitabdan, kataloqdan məlumat oxuyurlar. Amma biz əşyanın özü ilə təmasda oluruq, onun düzəlmə şəraiti, hansı texnologiyalardan istifadə olunması, ölçüsü, kütləsi – hamısı gözümüzün önündə canlanır. Hətta əşyanın temperaturunu, hamarlığını hiss edirəm. Biz bu sahəni daha ətraflı, detallı öyrənirik, çünki buradan pul qazanmaq marağımız da var. Mən bu işi həm də sevirəm və daha dərindən öyrənirəm”.

 

Təəssüf ki, antik əşyaları öyrənmək üçün hər hansı təhsil müəssisəsində ixtisaslaşma nəzərdə tutulmayıb. Zakir bəy də bu cür ixtisasların Azərbaycanda tətbiq edilməsinin tərəfdarıdır. Müsahibimiz deyir ki, antik dükanını açmağındakı əsas məqsədlərindən biri də insanların maariflənməsidir:

 

“Bu gün gənclər, tələbələr dükana gəlirlər, fərqli məlumatlar əldə edirlər. Amma bilginin az olması həm də insanların yanlışlara yol verməsinə səbəb olur. Məsələn, bu yaxınlarda Cəlilabadın Alar kəndində 100 min manatlıq samovarla bağlı məlumat yayıldı. Bizim televiziyalar da dərhal gedib çəkiliş etdilər, məlumatın yalan ya doğru olmasından asılı olmayaraq... Əşyanın məşhur “Bataşev” samovarlarından olduğunu düşünürdülər. Halbuki o samovarın qiyməti 100 min manat deyil, 300-400 manatdır. Belə yanlış məlumatların əleyhinəyəm. Bunu mütəxəssislər müəyyən etməlidirlər. İvan Bataşev 1825-ci ildə fabrik açıb, şəxsən Tula şəhərinə gedib oraları gəzmişəm. Tula 1850-ci illərdə dünyada “samovarlar şəhəri” kimi məşhurlaşıb. Orada da Bataşev kimi sahibkarlar samovarlar istehsal edirdilər. Bataşevin də bahalı modelləri olub. Onların içində ən ucuz modellərinin üzərində “Bataşev”in reklamları həkk olunurdu. Məsələn, 1840-cı ildə fabrik qızıl medal alıbsa, o, samovarların üstünə vurulurdu. Bahalı samovarların üzərində isə belə şeylər olmur”.

 

“Putinin samovarından bizdə də var”

 

 

Samovar demişkən, Zakir bəy dükanında olan həmin əşyalarla da bizi tanış etdi. Burada qiyməti 3-4 min manatdan 600-700 manata kimi olan samovarlar var idi. Lakin nə qədər soruşsaq da, müsahibimiz dükanındakı ən dəyərli əşya ilə bağlı məlumat verməkdən yayındı. Zakir bəy deyir ki, mala qiymətinə görə dəyər vermir, buradakı bütün əşyalar onun övladı kimidir və hamısı bir-birindən önəmlidir. “Əşyaların mənəvi dəyəri var”, deyə əlavə edir. Amma onun həm də satışa çıxarmadığı, necə deyərlər, gözü kimi qoruduğu əşyalar da var idi. Bunların arasında Rusiya prezidenti Vladimir Putində də olan samovar yer alırdı:

 

“Bu samovar Putinin samovarı deyil. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyi şərəfinə istehsal olunub. Putin də samovar sevən adamdır. Həmin zaman cəmi 8 dənə buraxılan bu samovarlardan biri də Rusiya prezidentinə, həmçinin Sankt-Peterburqun merinə hədiyyə edilib. Yerdə qalan 6 samovardan biri bu gün bizdədir. Kiməsə verilib və ya hədiyyə olunub, hansısa formada biz də ala bilmişik. Hələ bu samovarı satmaq fikrim yoxdur”.

 

Müsahibimizin sözlərinə görə, antik əşyalar müxtəlif yollar və ya insanlar vasitəsilə əldə edilir: “Kimsə bizə gətirib satır, yaxud məlumat verirlər və biz gedib alırıq və.s”. Onun satmadığı digər əşyalardan biri isə 18-19-cu əsrlərə aid olan orijinal mis kolleksiyasıdır: “Bu əşyalar mədəniyyətimizin simvoludur, ustalarımızın şah əsəridir. Dükanımda nümayiş olunanlar isə minlərin içərisindən seçdiklərimdir. Bu gün xarici vətəndaşlar mis kolleksiyamdan nələrsə almaq istəyirlər. Hətta bir amerikalı əsəbiləşib dəyərindən yüksək qiymət də təklif etmişdi. Amma satmadığımı bildirdim. Çünki bunlar mədəni irsimizdir, sənət əsərimizdir. Açığı, həmin amerikalı mis əşyaya 3 min dollar təklif etmişdi, lakin satış dəyəri 1200-1300 manatdır. Digər tərəfdən də, qanunla belə əşyaları Azərbaycandan çıxarmaq qadağandır. Mən bu əşyaları muzeyə hədiyyə edə bilərəm, lakin xarici vətəndaşa satmaram”.

 

“Kərbalayi İsmayılın xalçası”...

 

 

Söhbət zamanı dükanda olan maraqlı əşyalardan biri ilə də tanış olduq. “Axırıncı aşırım” filminə baxmayan azərbaycanlı yoxdur, yəqin... Həmin filmdə Kərbalayinin evindəki divardan asılan xalça da məhz bu dükanda idi:

 

“Film çəkilən zaman araşdırmaçılar Kərbalayinin evində belə bir xalça olduğunu müəyyənləşdirmişdilər. Dükanımdakı bu xalçanın adı “Xan Qarabağ”dır. O vaxtlar ancaq ağaların, bəylərin evində belə xalçalar olurdu. “Axırıncı aşırım” filmində istifadə olunan bu xalça da mənim sevimli əşyalarımdan biridir və satmıram”.

 

 

Zakir bəy sözügedən xalçanı 1995-ci ildə əldə edib: “Həmin zaman bir tanışım belə bir əşyanın olduğunu demişdi. Yaşlı xanım həyat yoldaşı ilə birlikdə gəlib xalçanı satmaq istədiklərini, atalarından yadigar qaldığını bildirdi və mənə faktlar göstərdilər. O zaman filmdə istifadə etmək üçün xalçanı bu şəxslərdən almışdılar. Həmin vaxtdan bu xalçanı saxlayıram. Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərində qeyd edildiyi kimi “İtə ataram, yada satmaram”... Mədəni irsi qorumaq, təbliğ etmək bizim borcumuzdur. Bundan bir dənədirsə, qoy bizdə qalsın. Mənim, dövlətimizin bu cür sənət əsərlərinə ehtiyacı var”.

 

Müsahibimiz fərqli antik əşyalar əldə etmək üçün öz hesabına Rusiyadan tutmuş Avropa ölkələrinə kimi uzaq yollar da qət edib: “Mən Moskva, Tiflis bazarlarına da bələdəm. Onların birjalarında hər şeyin qiyməti normaldır. Məsələn, 1000 manatlıq əşyanı 1200 manata qoyurlar. Amma bizdə bəzi elan saytlarında 300 manatlıq əşyanı 350 min manata satışa çıxarırlar. Anlayışı olmayan adamlar da təbii ki, aldanır. Bizdə qiymət tənzimlənmir. Hər bir vətəndaşa müraciət edirəm, əgər əllərində dəyərli olduğunu düşündükləri əşya varsa, mənə və ya mütəxəssislərə, muzeylərə müraciət etsinlər. Onlar üçün ən real qiymət müəyyənləşməlidir. Bu cür əşyaları xarici vətəndaşlara niyə satsınlar ki? Bu işlə məşğul olanlara üz tutsunlar”.

 

Qeyd edək ki, dükanda qədim samovarlardan, mis qablar, xalçalardan tutmuş heykəllərə, əl işlərinə kimi müxtəlif əşyalar var. Tarix qoxusunu almaq istəyənlər mütləq yolunu bu məkandan salsınlar.

 

Günay Rəsulqızı

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...