“İnsanlar ölümsüzləşəcək” – Mütəxəssisdən MARAQLI AÇIQLAMA

“Süni intellektin və digər alqoritmlərə əsaslanacaq əvəzolunmaz məhsulların beynimizin ciddi mərkəzlərinin funksional imkanlarını və işləmə mexanizmlərini öyrənmə imkanı var. Məhz bunun siyasi sferada, iqtisadiyyatda və tibb sahəsində tətbiqi “Yeni Dünya” deməkdir”.
Sfera.az bildirir ki, bunu Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev deyib. O, gözlənilən nəticələrdən də söz açıb:
“Hər bir insana xas individual - onun xarakteri və beyninin müxtəlif mərkəzlərinin çalışma mexanizminə əsaslanan alqoritmlər formalaşdırmaq mümkün olacaq. Bununla da önəmli siyasi fiqurların qərarları və problemli məsələlərdə çıxış yolu haqqında fikirləri hər zaman öyrənilə biləcək, hətta onlar öldükdən sonra da.. İllər öncə ölmüş önəmli siyasətçinin ona məxsus alqoritmini yaratmaq və bununla da “Bu gün o sağ olsaydı, hansı qərarı verərdi?” sualına cavab tapmaq mümkün olacaq. Bundan başqa dünya milyarderlərinin individual alqoritmlərini yaradaraq onlara ünvanlanmış “Önəmli iqtisadi krizislərdə şirkətlərin müflis olmaması üçün hansı qərarları qəbul edərdilər?” sualının cavabını tapa biləcəklər. Bu alqoritmlərlə qan və hiss bağlılığı olduğunuz insanları - valideyn, övlad, dost və s. bir ömür boyu itirməmək mümkün olacaq. Belə ki, onların fikirləri, qərarları və tövsiyələri hər zaman sizinlə ola bilər”.
Mütəxəssis qeyd edib ki, sözügedən alqoritmlər vasitəsilə ölüm qorxusu yox olacaq:
“Obrazlı desək, insanlar ölümsüzləşəcək. İnsanlar ölümsüzləşdikcə isə biz çalışmalıyıq ki, insanlıq ölməsin. Bunun üçün isə özünü dərk edən cəmiyyət formalaşmalıdır, əks halda insanlar ölümsüzləşdikcə insanlıq öləcək, qarşılıqlı dəyərlər məhv olacaq və yeni bir dünya yaranacaq. O dünya ki, orada sevgi və mərhəmət hissi yox olacaq”.
Türkan