Sosial mediada arıqlığı təbliğ edənlərə həbs cəzası veriləcək – Qalmaqallı qanun layihəsi 

Sosial mediada arıqlığı təbliğ edənlərə həbs cəzası veriləcək – Qalmaqallı qanun layihəsi 

İtaliyada insanları "həddindən artıq arıqlığa təşviq edənlər"ə həbs cəzası verilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada hökumətin insanları anoreksiya və blumiyaya sövq edənləri cəzalandırmaq üçün hazırladığı layihə gündəmdədir.


Hakim “İtaliya Qardaşları” Partiyasının təqdim etdiyi qanun layihəsi, insanları həddən artıq arıq olmağa sövq edənlərin 2 ilə qədər həbs edilməsini və 60 000 avroya qədər cərimələnməsini nəzərdə tutur.


Qurbanların 14 yaşından kiçik olduğu hallarda 4 il həbs cəzası və 150 min avroya qədər cərimə tətbiq ediləcək. 

 

Senator Alberto Balboni sosial media və reklamlar da daxil olmaqla müxtəlif vasitələrlə anoreksiya, blumiya kimi xəstəlikləri təbliğ edənlərə "təzyiq" ediləcəyini bildirib.

 

İtaliya mətbuatı "thinfluencer"  kimi tanınan sosial media fenomenlərinin də hədəf alınacağını yazıb.

 

A.Balboni ölkədə hər il təxminən 4 min nəfərin bu xəstəliklərdən öldüyünü və onların əksəriyyətinin gənclər olduğunu açıqlayıb. O, anoreksiya və blumiyanın "sosial xəstəlik" kimi tanınması tərəfdarı olduğunu deyib. 

 

Digər tərəfdən, müxalifət və ekspertlər layihəni  kəskin tənqid ediblər. 

 

Demokratik Partiyanın millət vəkili Çiara Qribaudo, "Sağlar anoreksiya dramına cəza qanunu ilə müdaxilə edirlər. Amma psixi sağlamlıq və psixoloq dəstəyi üçün bir avro belə ayırmırlar" deyərək reaksiya verib. 

 

Xatırladaq ki, “İtaliya Qardaşları”nın lideri və Baş nazir Corca Meloni sentyabr ayında seçkiqabağı kampaniyasında gənclərdə müşhaidə edilən bir sıra davranış, vərdiş və asılılıqlarla mübarizə aparacağını vəd edib. Meloninin piylənmə, anoreksiya, blumiya və s.-i hədəf alacaqlarını açıqlaması o zaman da reaksiyalara səbəb olmuşdu.  Yeni qanun layihəsinin açıqlanmasından sonra müxalifətçi deputat Qribaudo Meloniyə verdiyi vədi xatırladaraq “Gənclərin azğınlıqlarından danışan sağçılar dəyənək və qandalla hər şeyi həll edə biləcəklərini düşünürlər”, - deyib.


Yemə pozuntuları sahəsində fəal dərnəkləri bir araya gətirən “Fiocchetto Lilla” Fondunun prezidenti Mareilla Fasini isə qanun layihəsi ilə bağlı fikirlərini belə izah edib: “Əsas problem həmişə unudulur: kifayətsiz müalicə imkanları, sayları azalan dəstək təşkilatları, əbədi gözləmə siyahıları".

 

Fasini yemə pozuntularını təbliğ edən insanların da eyni xəstəliklərdən əziyyət çəkə biləcəyini vurğulayıb: "Təklif etdiyimiz həll yolu nədir? Hamını həbsə atmaq? Xəstəliyi cəzalarla sağaltmaq?".

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR