“SS zabitlərindən birini seçməli, onunla yatmalıydım...” – Hitler üçün “ari irq”ə aid körpələr belə əldə edilirdi

“SS zabitlərindən birini seçməli, onunla yatmalıydım...” – Hitler üçün “ari irq”ə aid körpələr belə əldə edilirdi

İkinci Dünya Müharibəsinin səbəbkarı olan Adolf Hitlerin “ari irq” ideyasını gerçəkləşdirmək təşəbbüsləri etnik təmizləmələrlə müşaiyyət olunurdu. Hitler düşünürdü ki, ari irqə mənsub olanlar Skandinaviya mənşəli insanlardan təşkil edilməlidir.

Nasist düşüncəsinə görə Skandinaviya irqi eramızdan əvvəl Şimali Almaniyanın düzənliklərində yaşadıqları güman edilən və “proto-arilər” adlandırılan insanlardan ibarət idi. Almaniya və Norveçdə, xüsusən 1930-cu illərdə mükəmməl bir irq yaratmaq ideyası nəticəsində təxminən 20 min uşaq dünyaya gəlib. Mükəmməl ari irqini təşkil edəcək fərdlər bir-bir seçilirdi. Bunun ən parlaq nümayəndələrindən biri də nasistlərin qatı tərəfdarı olan xanım Hildeqard Trats idi.

 

 

Sfera.az onunla bağlı maraqlı məlumatları təqdim edir.

 

Hildeqardın həyatdakı əsas məqsədi ari irqinə məxsus övladının olması idi. O, həyatını həsr edəcəyi bu missiya üçün 1933-cü ildə Alman Qızlar Birliyinə - “Bund Deutscher Madel”ə qatıldı. Hər bazar günü keçirilən məclislərə həvəslə qoşulan Trats sarı saçları və mavi gözləri ilə tez bir zamanda diqqət mərkəzində ola bildi.

 

"Məni tez-tez mükəmməl “ari qadını” kimi təsvir edirdilər. Ombalarımın forması, uzun ayaqlarım və gövdəm uşaq sahibi olmaq üçün mükəmməl idi", deyən Hildeqard 18 yaşında məktəbi bitirdikdən sonra “Bund Deutscher Madel”dən həyatını dəyişdirən bir təklif aldı – Hitler üçün uşaq dünyaya gətirmək...

 

Təklif qarşısında özünü itirən Trats bilirdi ki, sarışın və mavi gözlü uşaqların sayını artırmaq üçün hökumət tərəfindən maliyyələşdirilən proqram hazırlanır. Nəticədə o, dərhal razılıq verdi.

 

 

"Lebensborn" adlı proqramın bir hissəsi olaraq, irqi cəhətdən "təmiz" qadınlar hamilə qalmaq üçün SS (Nasist Almaniyasında cangüdən kimi istifadə edilən bölmə) zabitləri ilə görüşürdü. Gənc Hildeqard bunun üçün bir sıra tibbi testlərdən keçməli oldu. O, qanında yəhudi genindən heç birini daşımamalı idi. Nəticələr bəlli olanda isə Trats uşaq sahibi olmaq üçün SS zabitlərindən birini seçməli olacaqdı.

 

O, 14 qızla birlikdə Almaniyanın Bayern şəhərində köhnə bir qalaya getdi. Qalada lüks yaşayışa aid hər şey var idi - idman və müxtəlif əyləncə oyunları üçün ümumi yerlər, kitab mağazası, hətta kinoteatr...

 

"Orada indiyə qədər yediyim ən yaxşı yeməklərdən dada bildim. İşləmirdik, qalada çoxlu qulluqçu var idi", - deyən Trats məkana çatan kimi dərhal yoxlamadan keçir. Çünki o, ailəsində irsi xəstəlik olmadığını bəyan etməli idi. Toplanan bütün gənc qadınlara xəbərdarlıq edilir ki,  dünyaya gətirəcəkləri uşaqlar üzərində bütün hüquqlardan imtina edən sənədə imza atmalıdırlar. Belə bir sənədi imzaladıqdan sonra Trats və digər gənc qızlar SS zabitləri ilə görüşdülər. Gənc oğlanlar Hildeqardın çox xoşuna gəlmişdi, çünki onların hamısı hündür və güclü, mavi gözlü, sarı saçlı idi.

 

 

Partnyor seçməzdən əvvəl qadınlar kişilərlə görüşür, birlikdə qalada kinoya baxır, oyunlar oynayır və ya müxtəlif tədbirlərdə iştirak edirdilər. Qərar vermək üçün isə cütlüklərin təxminən bir həftə vaxtları vardı. Qadınlar kişilərin əsl adlarını bilmirdilər, anonimlik “Lebensborn” proqramının prinsiplərindən biri idi.

 

“Biz partnyorumuzu seçərkən son menstruasiya başlayandan 10-cu günə qədər gözləməli olduq”, - deyə Trats bildirib. Hər bir gənc qadın ətraflı tibbi müayinədən keçdi, bundan sonra seçilmiş SS zabiti qızın otağına göndərildi. İlk həftədə Trats üç axşam ardıcıl olaraq SS zabiti ilə görüşdü. Nəticədə o, dərhal hamilə qaldı və şəxsi evə transfer edildi. Körpə dünyaya gələndən sonra onu iki həftə əmizdirdi, sonra ondan ayrılıb başqa evə köçməli oldu. Tratz bir daha nə uşağını, nə də onun atasını görmədi.

 

Sonrakı illərdə rejim üçün mümkün qədər çox uşaq sahibi olmaq istəsə də, Hildeqard evləndiyi gənc zabitə aşiq oldu. O, ərinə “Lebensborn” proqramında iştirak etdiyini deyəndə heç bir reaksiya verməyən partnyoruna təəccübləndi. Trats etdiyi əmələ görə heç vaxt peşman olmayıb. O, bunu “həm uşağımın atası, həm də mən gördüyümüz işin əhəmiyyətinə tam inandığımız üçün utancımız olmadı” sözləri ilə ifadə edib.

 

 

“Lebensborn” proqramında iştirak edən uşaqların çoxu isə qaçırıldı. Polşa, Rusiya və Şərqi Avropada 200.000 uşağın ailələrindən oğurlanaraq Almaniyaya köçürüldüyü təxmin edilirdi. Qaçırılan uşaqlar ən çox seçilənlərdən ən az seçilənlərə doğru sıralandı. Hitlerin genetik təmizlik ideyasına uyğun gəlməyənlər konsentrasiya düşərgələrinə göndərildi. Bu qəlibə uyğun gələnlər yenidən təhsil düşərgələrinə aparıldı. Onlara yeni adlar verildi və əvvəlki həyatları ilə bağlı hər şeyi unutmağa məcbur edildi. Əgər uşaq yeni şəxsiyyətini qəbul etmirsə, o, öldürülürdü. Oradan götürülən uşaqlar ya ideal alman ailələrində böyüdülər, ya da internat məktəblərinə göndərildilər. Kütləvi adam oğurluğu ilə bağlı acınacaqlı həqiqət ondan ibarət idi ki, bu uşaqların bir çoxu hətta müharibədən sonra da bioloji valideynlərinə qayıda bilmədi. Müharibədən sonra həmin uşaqların anaları isə böyük stiqma ilə üzləşdilər. Səbəblərdən biri onların qeyri-qanuni övladının olması, digəri isə “SS” proqramlarında iştirak etmələri idi.

 

Problemlərin öhdəsindən gələ bilməyən analar yaşadıqları psixoloji sarsıntıya görə spirtli içki aludəçisi oldular. Bu qadınların bəziləri də xalqın gözü qarşısında döyülərək qul kimi işləməyə məcbur edildi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR