Çörçillin ən məşhur fotosunun orijinalı itib
İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyaya rəhbərlik etmiş Baş nazir Uinston Çörçilin 1941-ci ildə çəkilmiş ən məşhur fotoşəkilinin orijinalı bu yaxınlarda itmişdi.
Sfera.az bildirir ki, tarixi fotoşəkil Kanadanın Ottava şəhərində bir oteldə asılı idi. Ən maraqlısı isə fotonun asıldığı yerdə surəti yerləşdirilib.
Yusuf Karşın Kanada parlamentindəki Çörçillin müharibə zamanı çıxışından dərhal sonra çəkdiyi bu ikonik fotoşəkil həmçinin "Kükrəyən Aslan" kimi də məşhurdur.
İlk dəfə avqustun 19-da “Chateau Laurier” otelinin əməkdaşı fotoşəkillərin dəyişdirildiyini aşkar etmişdi. Bundan sonra işçilər Çörçillin fotosunun Karşın otaqda çəkdiyi digər fotolardan fərqli çərçivəyə salındığını görüblər.
Otel rəsmiləri Karşın mülk sahibləri ilə danışdıqdan sonra belə qənaətə gəliblər ki, orijinal foto saxta foto ilə əvəz olunub.
“Chateau Laurier Hotel”in idarəedici direktoru Genevieve Dumas verdiyi açıqlamada
"Biz bu həyasız hərəkətə görə dərindən kədərlənirik. Otelimiz 1998-ci ildə quraşdırılmış Karş kolleksiyasına ev sahibliyi etməkdən qürur duyur" demişdi.
Polis faktla bağlı araşdırmalara başlayıb. Araşdırmalar davam edir.
Bu məşhur tarixi foto - “Kükrəyən Aslan"ın isə çox maraqlı və üzünüzə təbəssüm qonduracaq hekayəsi var.
Çörçilin məşhur fotoşəkili 1941-ci ildə Karş tərəfindən İkinci Dünya Müharibəsi zamanı Kanada parlamentində çıxış edən Britaniya liderini qısa sorğu-sual edərkən çəkilib.
Bildiyimiz kimi Çörçill özünəməxsus qəzəbli baxışları ilə məşhurdur. Lakin şəkli çəkərkən fotoqraf nə qədər çalışsa da, həmin baxışları tuta bilməyib. Bu zaman Karş çəkim düyməsini basmazdan əvvəl Baş nazirin ağzından siqarını çıxarır. Nəticədə Çörçillin qəzəbli baxışlarını və əsl üz mimikasını əks etdirən foto alınır.
Fotoqraf Yusuf Karş bu barədə xatirələrini paylaşarkən:
"Ona külqabı uzatdım, amma siqarını söndürmədi. Gözlədim, amma o yenə də bərk-bərk çəkməyə davam etdi. Yenə gözlədim. Sonra ona tərəf addım atdım, nə baş verdiyini anlamadan hörmətlə dedim: “Bağışlayın, cənab" və siqarını ağzından götürdüm.
Kameraya tərəf çevriləndə o qədər əsəbiləşdi ki, sanki məni udacaqdı. Mən o zaman şəkli çəkdim”.
Fotoqraf Yusuf Karş 2002-ci ildə vəfat edib.