Dünyanın ən sürətli ayaqqabısı: "Moonwalkers" - 1400 dollara...
ABŞ-ın “Shift Robotics” şirkətinin robot mühəndisləri insanların 250 faiz daha sürətli yeriməyinə imkan verəcək ayaqqabı hazırlayıblar.
Sfera.az bildirir ki, Pensilvaniyadakı Karnegi Mellon Universitetinin tədqiqatçıları tərəfindən qurulan şirkətdən verilən açıqlamada "Moonwalkers" adlı ayaqqabıların "kosmos dövrünə uyğun" olduğu bildirilib.
"Moonwalkers"in "dünyanın ən sürətli ayaqqabısı" olduğunu iddia edən şirkət rəsmiləri cütü 1400 dollara satmağı düşündükləri məhsul üçün reklam videosu hazırlayıblar. Videoda naməlum səsin "Getdiyimiz yol keçmişdə qaldı. Bunu sürətləndirməyin vaxtıdır" dediyi bildirilir.
"Moonwalkers"i istifadəçilər öz ayaqqabılarının üzərinə geyinir və qayışlarla bağlayır.
Ayaqqabılarda 8 kiçik təkər var, lakin bu təkərlər bir sırada düzülmür. Şirkət rəsmiləri bu yolla istifadəçilərin balans problemi yaşamayacağını iddia edirlər.
Bundan əlavə, məhsulda təkərləri sürətləndirməyə və ya yavaşlatmağa imkan verən süni intellekt mexanizmi var.
Eyni zamanda, xüsusi ayaq hərəkətini aşkar edən və təkərləri tamamilə kilidləyən süni intellekt alqoritmi pilləkənlərdə istifadə üçün də nəzərdə tutulub.
İnci,
Sfera.az