Azərbaycan 4-cü peykini istifadəyə verə bilər

Azərbaycan 4-cü peykini istifadəyə verə bilər
 

Azərbaycan sayca 4-cü peykini istifadəyə verməsi ilə bağlı araşdırmalara başlayıb.

 "Azərkosmos” tərəfindən həyata keçirilən araşdırmalar yeni məsafədən müşahidə peykinin orbitə buraxılması imkanları ilə bağlıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, Yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır.

"Son illərdə dünyada həm telekommunikasiya, həm də müşahidə peyklərinin sayı sürətlə artır və imkanları genişlənir. Bu da öz növbəsində Azərbaycanda müasir kosmik sənayenin trendlərini daha yaxından müşahidə etməyə imkan verir.

Hazırda "Azerspace-1”, "Azerspace-2” və "Azersky” peyklərinin resurslarının daha aktiv kommersiya məqsədilə istifadə olunması üçün fəal işlər görülür.

Eyni zamanda ölkəmizin Yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır. Bununla əlaqədar olaraq "Azərkosmos” Azərbaycanın yeni, Yerin məsafədən müşahidəsi sisteminə tələblərin formalaşdırılması üzərində işləyir.

Qeyd edək ki, hazırkı mərhələdə bu sistemin bir neçə kiçik peykdən ibarət olaraq peyk qruplaşması formasında fəaliyyət göstərməsi imkanları nəzərdən keçirilir. Aparılan araşdırmalar çərçivəsində, paralel olaraq, yeni peyklərin orbitə buraxılması ilə əlaqədar olaraq Azərbaycanda müasir peyk inteqrasiya və sınaq mərkəzinin də qurulması nəzərdə tutulur. Yeni peyklərin orbitə buraxılması məsələsi ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində yeni iqtisadi dəyərlərin yaradılmasına xidmət etməyə və həmçinin ölkəmizin Yer müşahidəsi xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirməyə istiqamətlənib.

Qeyd edək ki, təhlükəsizlik və müdafiə sahəsində geniş istifadə olunan "Azersky” – məsafədən müşahidə peykimizin imkanları həm 44 günlük Vətən müharibəsi dövründə, həm də post-müharibə dövründə ölkəmizə böyük üstünlüklər qazandırdı”, - deyə nazirliyin açıqlamasında bildirilir. // "Report"


OXŞAR XƏBƏRLƏR