“Xəritələrdə işğaldan azad etdiyimiz ərazilərin adları...” – Osman Gündüzdən açıqlama
"Beynəlxalq xəritələrdə işğaldan azad edilən rayonların adları, ərazidəki digər coğrafi adlar hələ də iki dildə- Azərbaycan və erməni dillərində verilir”.
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
O bildirib ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”na əsasən, qlobal resurslarda milli coğrafi adlarımızın təhrif olunmasının qarşısının alınması istiqamətində XİN əlaqəli qurumlarla birgə addımlar atmalıydı:
"Lakin göründüyü kimin bu istiqamətdə rəqəmsal milli data hazır olsa da, onun tətbiqi istiqamətində atılan addımlar hələlik yetərli olmayıb. Bildiyim qədər hazırda XİN bu istiqamətdə işləri davam etdirir. Bu qurum qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir. Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir”.
O.Gündüz deyib ki, internet istifadəçilərinin də təhrif olunan coğrafi adlarla bağlı qlobal xəritə şirkətlərinə müraciətlər etməsi faydalı olardı: "Düşünürəm ki , işğaldan azad edilmiş rayonlarımızın adlarının da azad edilməsi, düzgün yazılışı, Azərbaycan dilinin qlobal dünyada doğru istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var”.Günay






