Aygün Bəylərin qardaşına və dostlarına hökm oxundu
Müğənni, əməkdar artist Aygün Bəylərin qardaşı da daxil olmaqla 6 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin məhkəmə istintaqı yekunlaşıb.
Sfera.az bildirir ki, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Abbas Hümmətov 5 il, Fuad Məmmədzadə 15 il, Elnur Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov 5 il azadlıqdan məhrum ediliblər. Elnur Əsirov barəsində isə bəraət hökmü çıxarılıb.
Hökmə əsasən, təqsirləndirilən şəxslərə narkotik ittihamı üzrə bəraət verilib.
İttihama görə, 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri F.Məmmədzadə, E.Alxazov, A.Hümmətov, R.Əsirov tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.
Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.
Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.(Virtualaz.org)






