25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib.
Sfera.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə “The Independent” nəşri məlumat yayıb.
Məlum olub ki, cütlüyün 2024-cü ildə aldığı, dəyəri 25 milyon funt sterlinq olan malikanənin ərazisində iki mərtəbəli, iki yataq otağı, mətbəxi və qonaq otağı olan yay evi yerləşir. Lakin 1973-cü ilə aid sənədlərdə həmin tikili yaşayış evi deyil, hovuz pavilyonu kimi qeyd olunub. Buna görə də binanın yaşayış məqsədilə istifadəsinin qanuniliyi sual altına düşüb.
59 yaşlı aktyorun vəkilləri artıq tikilinin qanuni olduğunu təsdiqləyən sənəd almaq üçün müraciət ediblər. Müdafiə tərəfi iddia edir ki, əvvəlki mülkiyyətçilər binadan on ildən artıq müddətdə yaşayış məqsədilə istifadə ediblər. Bu səbəbdən nəzarət orqanlarının cərimə tətbiq etmək və ya tikilinin sökülməsini tələb etmək üçün qanuni müddətinin başa çatdığını bildirirlər.
Qeyd edək ki, məsələ ilə bağlı yekun qərarın necə olacağı hələlik məlum deyil.






