Nəvainin Moskvadakı konsertləri ləğv edildi
Narkotikə görə həbs edilən "Navai" ləqəbli azərbaycanlı reperin (Nəvai Bəkirov) Moskvada keçirilməsi planlaşdırılan konsertinə biletlərin satışı dayandırılıb.
Sfera.az xəbər verir ki, oktyabrın 22-də keçirilməsi planlaşdırılan konsert baş tutmaya bilər. Məkanın saytından bilet almağa cəhd edərkən “Satışlar təşkilatçı tərəfindən müvəqqəti olaraq dayandırılıb” bildirişi görünür.
Qeyd edək ki, oktyabrın 14-də Nəvai Qazaxıstana giriş zamanı saxlanılıb. Məlumata görə, onun avtomobilində narkotik vasitələr aşkarlanıb. Reper iki aylıq həbs edilib. O, dindirmə zamanı narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.
Bildirilib ki, sənətçi narkotik təsiri altında avtomobil idarə etməkdə də şübhəli bilinir. Lakin reper ittihamı qəbul etmir.
2 ay müddətinə həbs olunan Nəvai barəsində Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə də tədbir görülə bilər. Həmin maddə narkotik təsiri altında avtomobil idarə etməyə görə sürücülük hüququndan 7 il müddətinə məhrumetmə və 15 sutka inzibati həbs nəzərdə tutur.
Nəvainin Qazaxıstanın Taraz şəhərində yerləşən 13 saylı istintaq təcridxanasına yerləşdirildiyi bildirilib.






