Aktrisa uçuş zamanı təyyarənin qapısını açmağa cəhd etdi

Aktrisa uçuş zamanı təyyarənin qapısını açmağa cəhd etdi
Kateqoriya məlum deyil
T

Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən 54 yaşlı aktrisa Selma Bler Los-Ancelesdən Nyu-Yorka uçan "Delta" aviaşirkətinə məxsus təyyarədə heyətə çətin anlar yaşadıb.

Sfera.az xəbər verir ki, aktrisa uçuş zamanı təyyarənin qapısını açmaq istəyib, daha sonra isə ekipaj üzvlərinə hücum edib. Buna görə də həbs olunub.

Selma Bler stüardessalardan birinə zərbə vurub, digərini isə dişləyib. Təyyarə Con Kennedi adına beynəlxalq hava limanına enəndən sonra polis əməkdaşları aktrisanı qarşılayaraq saxlayıblar. Daha sonra o, müayinə üçün xəstəxanaya aparılıb. Stüardessalardan biri isə aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

İddialara görə, xəstəxanaya aparılarkən aktrisa Liman İdarəsinin polis əməkdaşlarından birinin başına bir neçə dəfə təpik vurub. Daha sonra onun tibb bacısına da hücum etdiyi bildirilir. Tibb bacısı sonradan polisə müraciət edib.

Selma Blerə polis əməkdaşına və tibb bacısına hücumla bağlı iki ittiham irəli sürülüb. Federal Təhqiqatlar Bürosu hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, aktrisanın təyyarə səfəri zamanı yaşadığı ilk insident deyil. 2016-cı ildə dörd yaşlı oğlu ilə uçarkən emosional sarsıntı keçirən Selma xərəkdə təyyarədən çıxarılmışdı. Aktrisa həmin vaxt baş verənləri alkoqol və dərmanların birgə təsiri ilə izah etmişdi.

Xatırladaq ki, Selma Blerə 2018-ci ildə "dağınıq skleroz" diaqnozu qoyulub. Bu səbəbdən o, karyerasına fasilə vermək məcburiyyətində qalıb. Xəstəlik sürətlə irəliləyib və bir il sonra aktrisa eksperimental müalicə kök hüceyrə transplantasiyası keçirib. Müalicədən sonra xəstəlik remissiya mərhələsinə keçib.

2021-ci ildə Bler "Introducing Selma Blair" adlı sənədli filmini təqdim edib. Filmdə aktrisa diaqnoza reaksiyasından, müalicə prosesindən, eləcə də xəstəlik səbəbindən üzləşdiyi fiziki və emosional çətinliklərdən danışıb.

Gündəlik həyatında Blerə Skaut adlı bələdçi it kömək edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR