Yeni tikdirdikləri evi su basdı

Bloger cütlük Ülvi və Fatimə Əhmədovanın yeni tikdirdiyi evi su basıb.
Sfera.az xəbər verir ki, yağan yağış zamanı keyfiyyətsiz pəncərələrdən evə su dolub. Fatimə bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, evdəki yeni təmirin yararsız hala düşdüyünü bildirib.
Bloger qeyd edib ki, bir müddət əvvəl izləyicilərinin pəncərələri haradan sifariş etdikləri ilə bağlı suallarına cavab verib. Lakin məhsulu tövsiyə etmədiyini deyib:
“Bu 10 ayda hər zaman ödənişini etdiyim, aldığım məhsulları izləyicilərimlə bölüşmüşəm ki, halal olsun, sağ olun, keyfiyyətli iş görmüsünüz. Təmənnasız dəstək olduğum şirkətlər çoxdur. Çünki bu işi görürəmsə, izləyicilərimlə də bölüşüb onlara tövsiyə etməliyəm.
Dörd ay əvvəl məndən pəncərələri soruşanlara bildirdim ki, gec gətiriblər, ona görə tövsiyə etmirəm. Nə də səhifəni sizinlə bölüşmək fikrim yox idi. Yaxşı ki, bölüşməmişəm. Bir yağışa baxırmış evin pis günə düşməsi.
Təsəvvür edin ki, illərdir xəyalını qurursunuz bağ evinizin. Buna görə evinizi, maşınınızı satırsınız, kreditə girirsiniz, gecə-gündüz işləyib ev tikməyə çalışırsınız. Evin bitməsinə az qalmış bir səhər açılır və görürsən ki, evi su basıb, bütün divarlar üstünə gəlir. Nə edərsiniz?
Söhbət pəncərədən gedir. Pəncərələrin hamısı yağışda su buraxıb, bütün yağış evə dolub. Əsəbdən nə hala düşdüyümü təsəvvür belə edə bilməzsiniz. Hamı əziyyət çəkir, pul yığır, özünə gün ağlayır. Və əziyyətinin qarşılığında işini tələb edir”.
Fatimə məsələ həll olunmasa, şirkətin adını açıqlayacağını da bildirib:
“Ona görə susub gözləyirəm. Əgər həll olunmasa, bu məsələni, şirkəti də paylaşacam. Hələlik o tərəfə də keçəcəm. Hələ ki səbir edirəm. Gör nə qədər harınlamış insanlar var həyatda. 24 saat vaxt verirəm, ya bu məsələ həll olacaq, ya da sizi bütün ölkəyə biabır edəcəyəm”.
Bloger daha sonra evin son vəziyyəti barədə məlumat verib. O, pəncərələrin sökülməsinə başlanıldığını, divarların isə yenidən təmir olunacağını bildirib:
“Hal-hazırda qırıntılardan sonra pəncərələr bu gün sökülməyə başlayıb. Bilmirəm, sabah yenə damacaq, ya yox. Evin pəncərə olan divarları pis vəziyyətdədir, yenidən təmir olunacaq”.\\axsam.az







