Türkiyəli məşhur aktyor vəfat etdi

Türkiyəli məşhur aktyor vəfat etdi
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur aktyoru, Yeşilçamın “Altın Çocuk” ləqəbli sənətçisi Göksel Arsoy 90 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, 1936-cı il martın 15-də Kayseridə anadan olan Arsoy 1957-ci ildə rejissor Sırrı Gültekinin “Kara Günlerim” filmi ilə kino karyerasına başlayıb. 1958-ci ildə “Kelepçe”, 1959-cu ildə isə “Samanyolu” filmində rol alan aktyor məhz “Samanyolu” ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Arsoy xüsusilə 1960-cı illərdə Yeşilçamın ən tanınan simalarından birinə çevrilib. O, Belgin Dorukla bir çox filmdə baş rolu paylaşıb. “Taş Bebek”, “Bulunmaz Uşak” və “Şafak Bekçileri” onun məşhur ekran işləri sırasında yer alır. “Altın Çocuk” ləqəbini isə rejissor Halit Refiğ verib.

Aktyor 1961-ci ildə Soley Arsoy ilə ailə qurub. Bu evlilikdən Gökhan və Aşkım adlı iki övladı dünyaya gəlib. Oğlu Gökhan Arsoy da aktyor kimi fəaliyyət göstərib.

Aşkım Arsoy atasının vəfatı ilə bağlı açıqlamasında onun son günlərədək ciddi sağlamlıq problemi olmadığını bildirib. O, Göksel Arsoyun heç bir ağrı və əziyyət çəkmədən dünyasını dəyişməsinin ailəsi üçün ən böyük təsəlli olduğunu deyib.

Göksel Arsoyun dəfn mərasiminin çərşənbə günü keçirilməsi gözlənilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR