8,7 milyon izləyicisi olan TikTok ulduzu: “Heç vaxt kitab oxumamışam”

8,7 milyon izləyicisi olan TikTok ulduzu: “Heç vaxt kitab oxumamışam”
Kateqoriya məlum deyil
T

Bir vaxtlar insanın demək olar ki, heç kitab oxumadığını etiraf etməsi utancverici hesab olunurdu. İndi isə xüsusilə gənclər arasında kitab oxumağa marağın azalması getdikcə adi hala çevrilir.

Sosial media fenomeni Aliks Erlin gözlənilməz etirafı da bu tendensiyanı yenidən gündəmə gətirib.


Sfera.az xəbər verir ki, 25 yaşlı influenser “Interview Magazine”in “Instagram” səhifəsində ona ünvanlanan “Oxuduğun son kitab hansı olub?” sualına “Mən heç vaxt kitab oxumamışam” cavabını verib. O, daha sonra zarafatla “Bəlkə də Dr. Seuss” deyə əlavə edib.


Z nəslinin tanınmış simalarından olan Erlin “TikTok”da 8,7 milyon, “Instagram”da isə təxminən 6 milyon izləyicisi var. O, əsasən makiyaj, geyim və gündəlik həyatını nümayiş etdirdiyi “Mənimlə hazırlaş” videoları ilə məşhurlaşıb.
Onun etirafı isə təkcə bir sosial media fenomeninin şəxsi vərdişi kimi qiymətləndirilmir. “New York Post”da dərc olunan təhlildə bunun gənclərin boş vaxtlarını kitabdan daha çox smartfon və qısa videolar qarşısında keçirməsi ilə bağlı daha geniş tendensiyanın göstəricisi olduğu qeyd edilir.


Məsələn, ABŞ-də 15-19 yaşlı yeniyetmələr gündə orta hesabla 1,3 saatını kompüter əyləncəsinə sərf etdiyi halda, zövq üçün kitaba ayırdıqları vaxt cəmi 9 dəqiqədir. Böyük Britaniyada isə uşaqlar və yeniyetmələrin yalnız 32 faizi zövq üçün kitab oxuduğunu bildirir. Bu göstərici 2005-ci illə müqayisədə 36 faiz aşağıdır.


Problem məktəblərlə də məhdudlaşmır. ABŞ-də 2024-cü il üzrə aparılan milli təhsil qiymətləndirməsinə əsasən, orta məktəb məzunlarının yalnız təxminən üçdə biri oxu və mətn anlama üzrə tələb olunan səviyyəyə çata bilib.
Məsələ o qədər aktuallaşıb ki, universitetlər də tələbələrin dəyişən oxu vərdişlərinə uyğunlaşmağa başlayıblar. “The Atlantic”ə danışan ABŞ universitetlərinin müəllimləri tələbələrin bir semestr ərzində bir neçə kitab oxumaq tələbinə təəccübləndiklərini bildiriblər. Bəzi müəllimlər oxu tapşırıqlarının sayını azaldır, digərləri isə müəyyən məcburi oxu materiallarını video məzmunla əvəz edir.


Hətta Kolumbiya Universitetində məcburi humanitar fənnin proqramına dəyişiklik edilib. 2024-cü ildə Fyodor Dostoyevskinin təxminən 500 səhifəlik “Cinayət və cəza” romanı oxu siyahısından çıxarılıb. Məqsəd tələbələrin qalan 20-yə yaxın kitaba marağını artırmaq olub.


Bununla belə, kitabın sosial mediada tamamilə sıradan çıxması barədə danışmaq hələ tezdir. Əksinə, “BookTok” kimi platformalar yeni oxucu auditoriyasının formalaşmasına təsir edir. TikTok-dakı #BookTok həştəqinin paylaşımları bir il ərzində 65 faiz artaraq 77 milyondan çoxa çatıb. “Eventbrite” isə son bir ildə kitab klubları ilə bağlı tədbirlərin sayının 33 faiz artdığını açıqlayıb.


Yəni bir tərəfdən smartfonlar və qısa videolar gənclərin diqqətini kitabdan uzaqlaşdırır, digər tərəfdən sosial media kitabları yeni formatda yenidən populyarlaşdırır. Aliks Erlin “heç vaxt kitab oxumamışam” etirafı isə bu ziddiyyətli mənzərənin diqqətçəkən nümunələrindən biri kimi gündəmə gəlib.

Firuz

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR