80 yaşlı aktyor: "Sevmək üçün heç vaxt gec deyil"

80 yaşlı aktyor: "Sevmək üçün heç vaxt gec deyil"
Kateqoriya məlum deyil
T

Hollivud ulduzu, “Rokki” filminin məşhur aktyoru Silvestr Stallone 80 yaşında həyatına, sevgiyə, ailəsinə və keçmişdə verdiyi qərarlara dair səmimi etiraflar edib.

Sfera.az xəbər verir ki, aktyor “The New York Times”ın “The Interview” podkastına müsahibəsində əsl sevginin mənasını yalnız 70 yaşlarında dərk etdiyini bildirib. Stallone həyatının böyük hissəsində karyerasını və uğur qazanmaq istəyini ailəsindən üstün tutduğunu etiraf edib. “Əsl sevginin nə olduğunu tam şəkildə anlamaq mənə gec nəsib oldu. Bu, başqa bir insan üçün hər şeydən vaz keçməyə hazır olduğun, fədakarlıq tələb edən sevgidir”, - aktyor bildirib.

Stallone qeyd edib ki, gəncliyində əsas məqsədi böyüdüyü yoxsul məhəllədən çıxmaq və uğursuzluğa düçar olmamaq olub.

O, bunun nəticəsində ailəsinə və övladlarına kifayət qədər vaxt ayırmadığını düşünür. Aktyor 1997-ci ildən Cennifer Flavinlə evlidir. Cütlüyün Sofiya, Sistin və Skarlet adlı üç qızı var. 2022-ci ildə qısa müddətə ayrılan cütlük daha sonra münasibətlərini bərpa edib. Stallone hazırda keçmiş səhvlərini müəyyən qədər düzəltməyə və övladlarına daha çox vaxt ayırmağa çalışdığını deyir.

“Minlərlə peşmançılıq daşından özümə bir qala tikmişəm”, – aktyor həyatını metaforik şəkildə ifadə edib.

Stallone yaşlanmaq qorxusunu da gizlətməyib. O bildirib ki, zamanın keçməsini əvvəlkindən daha kəskin hiss edir. Bununla belə, aktyor sevginin və gözəl xatirələrin insan həyatında hər zaman mühüm yer tutduğunu vurğulayıb.

“Sevmək üçün heç vaxt gec deyil. Gözəl xatirələrlə rəqs etmək üçün də heç vaxt gec deyil. Ən qorxulu bataqlıq olan tənhalığa qərq olmaq isə əslində vaxtından əvvəl dəfn olunmaqdır”, – Stallone deyib.

Aktyor ilk həyat yoldaşı Saşa Çakla 1974-1985-ci illərdə evli olub. Onların iki oğlu dünyaya gəlib. Stallonenin oğlu Seyc 2012-ci ildə 36 yaşında, əvvəldən aşkarlanmamış ürək xəstəliyindən vəfat edib. Oğlunun ölümündən danışan aktyor bu itkinin həyatının ən ağır ağrılarından biri olduğunu bildirib: “Bunun öhdəsindən gəlmək olmur. Ondan qurtulmaq mümkün deyil”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR