Peter May vəfat etdi

Şotlandiyanın ən məhsuldar televiziya ssenaristlərindən və detektiv roman yazarlarından biri olan Peter May 74 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, dünya miqyasında tanınan şotlandiyalı yazıçı Peter May həyatını itirib. O, "The Blackhouse” romanı və "Lewis Trilogy” trilogiyası ilə beynəlxalq şöhrət qazanmışdı.
Yazıçının Fransanın cənubundakı tətil evində vəfat etdiyi açıqlanıb.
Peter Mayın sentyabrın 25-də baş verən ölümü onun həyat yoldaşı, yazıçı Janice Hally tərəfindən sosial şəbəkə vasitəsilə açıqlanıb. Hally yaşadığı itkinin ağrısını ifadə etməyə söz tapmadığını bildirib və Mayın uzun illər naşiri və yaxın dostu olan Jon Riley-nin paylaşımını yayımlayıb.
Yazıçının vəfatından sonra naşirləri, ədəbiyyat dünyasının nümayəndələri və Şotlandiyadan bir çox tanınmış şəxs başsağlığı mesajları yayımlayıb.
Peter Mayın yaxın dostu və naşiri Jon Riley onun təqaüdə çıxdığını elan etdiyini və bu mərhələni həyat yoldaşı ilə birlikdə keçirməyi səbirsizliklə gözlədiyini bildirib. Lakin Mayın daha bir roman yazmaq üçün gücünün olduğunu hiss etdiyi qeyd olunub.
Riley bildirib ki, May yanvar ayında son romanının nəşri ilə eyni vaxtda Şotlandiya və Lyuis adasına vida səfəri hazırlayırdı.
O, Peter Mayın yalnız ən yaxşı detektiv roman yazarlarından biri olmadığını, eyni zamanda oxucularında və birlikdə çalışdığı insanlarda böyük sevgi qazandığını vurğulayıb.
Qeyd edək ki, Peter Mayın son romanı "Island of the Dead” 14 yanvar 2027-ci ildə oxuculara təqdim olunacaq.






