74 yaşlı Harvi Vaynşteynə daha 15 il həbs cəzası

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyn daha 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sfera.az xəbər verir ki, son səkkiz il ərzində cinsi xarakterli cinayətlərə görə həbsdə saxlanılan Harvi Vaynşteyn keçmiş köməkçisi Miryam Heyliyə qarşı cinsi zorakılıq işi üzrə qərar verilib.
Məlumata görə, hadisə 2006-cı ildə Manhettendə Vaynşteynin mənzilində baş verib. Həmin vaxt Vaynşteyn televiziya prodüserinin köməkçisi Miryam Heylini onunla cinsi münasibətdə olmağa məcbur edib. Məhkəmədə 74 yaşlı Vaynşteyn peşman olduğunu bildirib və üzr istəyib.
Miryam Heyli yeddi il davam edən məhkəmə prosesi zamanı Vaynşteyni və onun komandasını sosial şəbəkələrdə, mediada nüfuzunu ləkələmək məqsədilə kampaniya aparmaqda ittiham edib.
Qeyd edək ki, 2020-ci ildə Harvi Vaynşteyn artıq bu və daha bir iş üzrə 23 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2024-cü ildə Nyu-Yorkun ali məhkəməsi həmin hökmü ləğv edib və işə yenidən baxılmasına qərar verib. Bundan bir il əvvəl, 2023-cü ildə Kaliforniya məhkəməsi prodüseri daha bir zərərçəkmiş qadına qarşı törədilmiş zorlama və cinsi zorakılıq ittihamları üzrə 16 il müddətinə azadlıqdan məhrum etmişdi. Vaynşteyn bu hökmə də apellyasiya şikayəti verib. 2026-cı ildə apellyasiya məhkəməsi təqsirləndirmə hökmünü qüvvədə saxlayıb, lakin cəza müddətini ləğv edərək işi yeni cəza təyin edilməsi üçün geri göndərib. İndi isə Miryam Heyli ilə bağlı iş üzrə yeni hökm qüvvəyə minib.
Harvi Vaynşteyn keçmişdə məşhur və nüfuzlu Hollivud kinoprodüseri olub. Onlarla qadın, o cümlədən aktrisalar, onu cinsi təqibdə, cinsi əlaqəyə məcbur etməkdə və zorlamaqda ittiham edib. Onun kino sənayesindəki vəzifəsindən sui-istifadə edərək gənc aktrisalara və əməkdaşlara karyeralarında kömək edəcəyini vəd edib, bunun müqabilində isə onları intim münasibətlərə məcbur etdiyi iddia olunub.\\axsam.az






