Nuri Əhmədov vəfat etdi

Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri olan Nuri Əhmədov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Əməkdar artist Bəhram Bağırzadə məlumat yayıb.
"Nuri Əhmədov çoxları üçün rabitə, texnologiyalar, “AzEuroTel”, yeni informasiya dövrü demək idi. Mənim üçün isə hər şeydən əvvəl insan idi. Dürüst, ziyalı, istedadlı və böyük, xeyirxah qəlbə sahib bir insan.
Həm də onu müasir Azərbaycan cazından ayrı təsəvvür etmək çətindir. O, sadəcə cazı sevmirdi, onunla yaşayırdı, musiqiçilərə və gənc ifaçılara dəstək olurdu. O, fotoqrafiyanı da sevirdi. Xoşbəxtlikdən, birlikdə çəkdirdiyimiz çoxlu fotolarımız var. Fotoşəkillər yalan danışmır. Onlara baxıram və elə bilirəm ki, Nuri müəllim yenə yanımdadır.
Zaman insanları bizdən alır, amma onların geridə qoyduqlarını ala bilmir. Onlar musiqidə, sevgisi və qayğısı ilə həyatına toxunduqları insanlarda, ömrünü həsr etdiyi işlərdə yaşamağa davam edirlər. Onlar geridə sözlər deyil, işıq qoyub gedirlər. Və bu işıq qalır. Nur içində yatın, Nuri müəllim. Sevdiyiniz caz səslənməyə davam edəcək. Açdığınız qapılar açıq qalacaq. Biz isə sizi xatırlayacağıq" deyə, aktyor paylaşımında yazıb.
Qeyd edək ki, Prezidentin fərdi təqaüdçüsü olan Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan "AzEuroTel" şirkətinin qurucusu və baş direktoru olub.






