Doğma övladı da onun soyadından imtina edir

Aktyorlar Bred Pitt və Ancelina Coli-Pittin 18 yaşlı qızı Vivyen soyadını dəyişmək üçün məhkəməyə müraciət edib.
Sfera.az xəbər verir ki, Vivyen atasının soyadından imtina edərək yalnız anası Ancelina Colinin soyadını daşımaq istəyir. Kaliforniya qanunvericiliyinə əsasən, o, bununla bağlı qəzetdə elan yerləşdirib. Əgər müəyyən olunmuş müddətdə heç bir etiraz daxil olmasa, hakim onun müraciətini təsdiqləyəcək.
Qeyd edək ki, Vivyen 2024-cü ildə də bu niyyətinə işarə edib. O, anası ilə birlikdə çalışdığı “The Outsiders” (“Çölə atılanlar”) musiqili tamaşasının proqramında adını yalnız “Vivyen Coli” kimi qeyd etdirib.
Vivyen atasının soyadından imtina edən ilk övlad deyil. Daha əvvəl Zaxara və Meddoks da analoji addım atıb. Şaylo isə 18 yaşını tamamladığı gün rəsmi olaraq “Pitt” soyadından imtina edib.
Xatırladaq ki, Bred Pitt və Ancelina Colinin altı övladı var. Onlardan üçü övladlığa götürülüb. Vivyen ailənin ən kiçik övladıdır. Onun əkiz qardaşı Noks ondan bir neçə dəqiqə əvvəl dünyaya gəlib.
Cütlük 2016-cı ildə ayrılıb. Onların boşanması isə səkkiz ildən çox davam edən məhkəmə prosesindən sonra 2024-cü ilin dekabrında rəsmiləşib.






