Haluk Leventin sosial şəbəkə hesabına giriş məhdudlaşdırıldı

Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan müğənni Haluk Levent barədə yeni qərar verilib.
Sfera.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun qərarı ilə sənətçinin 9 milyondan çox izləyicisi olan "X" (keçmiş "Twitter") hesabına giriş məhdudlaşdırılıb.
Qərardan sonra istifadəçilər Haluk Leventin rəsmi hesabına daxil olmaq istədikdə "Hesaba giriş məhdudlaşdırılıb" bildirişi ilə qarşılaşırlar.
Qeyd edək ki, "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaqda "cinayət məqsədilə təşkilat yaratma", "çirkli pulların yuyulması", "Vergi Məcəlləsinin tələblərinin pozulması" və "Dərnəklər haqqında" qanunun pozulması kimi ittihamlar araşdırılır.
İddialara görə, dərnək adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü, yüksək məbləğdə maliyyə əməliyyatlarının həyata keçirildiyi və qanunsuz mərc oyunları ilə bağlı əməliyyatların aparıldığı müəyyən edilib.
İstintaq çərçivəsində Türkiyənin bir neçə vilayətində keçirilən əməliyyatlar nəticəsində, aralarında Haluk Levent və jurnalist-prodüser Oğuzhan Uğurun da olduğu 27 nəfər həbs edilib. Bildirilir ki, istintaq davam etdiyi müddətdə dərnəyin və bəzi şübhəlilərin əmlakları üzərinə də həbs qoyulub. \\axsam.az
