Dünyanın ən məşhur bloqeri evləndi

Dünyanın ən populyar YouTube bloqeri MrBeast (əsl adı – Ceyms Donaldson) sevgilisi Tea Boyseni ilə ailə qurub.
Sfera.az xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
MrBeast toy mərasimindən fotolar paylaşaraq bildirib ki, mərasimdə ağ köynək, papyon, ağ pencək və qara şalvar geyinib. Onun həyat yoldaşı isə ağ gəlinlikdə olub.
Tea Boysen fotoları paylaşaraq belə yazıb:
"Mən MrBeastlə tanış oldum və bu, həyatımın ən gözəl günü idi".
"People" nəşrinin məlumatına görə, toy mərasimi britaniyalı sahibkar Riçard Brensonun sahibi olduğu Necker adasında keçirilib. Tədbirdə təxminən 70 qonaq iştirak edib.
Qeyd edək ki, iyun ayında MrBeastin YouTube kanalına abunə olanların sayı 500 milyona çatıb. Bu, dünya əhalisinin təxminən on altıda birinə bərabərdir. Bloqçunun kanalında bahalı layihələr, müxtəlif çağırışlar (challenge) və xeyriyyə fəaliyyətinə həsr olunmuş 980-dən çox video yerləşdirilib.
Ceyms Donaldson və Tea Boysen 2022-ci ildən münasibətdə olublar. 2024-cü ilin dekabrında isə bloqçu sevgilisinə evlilik təklifi edib.
İnci
Sfera.az
