Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Məlum olduğu kimi, Türkiyədə "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində müğənni Haluk Levent saxlanılıb.
Sfera.az xəbər verir ki, bu olaydan sonra Türkiyənin şou-biznes aləminin məşhur simaları Haluk Leventə qarşı sərt reaksiyalarını bildiriblər.
Ən sərt tənqid illərdir “Prestij Müzik”də birlikdə işlədiyi məşhur sənətçi Mahsun Kırmızıgüldən gəlib.
"Haradan hara... Bir Haluk Levent hekayəsi... Biz eyni dövrdə eyni xəyalları qurur, eyni həyəcanı yaşayırdıq. Şöhrət nərdivanına eyni dam altında, eyni şirkətdə birlikdə qalxdıq.
Sonra dəhşətli borc spiralına düşdün. Qazandığın pis vərdişlər sənə böyük bəlalar gətirdi. Borclarına görə mərhum prodüserimiz Hilmi Topaloğlu və Özcan Dənizlə birlikdə səni şəxsən Adana Karataş Həbsxanasına apardıq.
O günlərdə səkkiz fərqli banka olan borclarını ödəyə biləsən deyə Star TV-də çəkdiyim serialdan qazandığım pulla sənə dəstək olduq. Ayağa qalxmağın üçün əlimizdən gələni etdik.
İllər sonra "Ahbap" dərnəyi vasitəsilə göstərdiyin köməyi görüb “Haluk o qaranlıq günləri geridə qoydu” deyə düşünürdüm. Bir çox insan səni qiymətləndirirdi. Bu millət səni bağrına basdı. Sənə ikinci, üçüncü, bəlkə də son şans verdi.
İnsanlar zəlzələdə yaxınlarını dəfn edərkən milyonlarla insan sənə etibar etdi, əllərindəki hər şeyi sənə etibar etdi.
Məhz buna görə... Bir daha o masalarda oturmamalıydın. O ekranlara baxmamalıydın, bir daha o düymələrə toxunmamalıydın. Kaş ki, əllərin qırılaydı ki, bir daha o qaranlığa qayıtmayaydın.
Milyonlarla insan sənin üçün bir işıq yandırdı, amma sən o işığı görə bilmədin. Bir neçə dəqiqəlik həyəcan üçün bütün bu sevgiyə, etibara və səyə arxa çevirdin. Etdiklərin təkcə sənə deyil, sənə inanan hər kəsə zərər verdi.
Bu gün ən çox səni deyil, ailəni düşünürəm. Sadəcə onlar üçün belə, bütün pis vərdişlərini, və zəif cəhətlərini geridə qoymalıydın.
Beynimdə yalnız bir sual cavabsız qalır:
Həqiqətən buna dəyərdimi, Haluk?” – deyə M.Kırmızıgül paylaşımda qeyd edib./Bizim.Media

