“10 ildir heç kimlə görüşmürəm”

Məşhur Hollivud aktrisası Ancelina Coli Bred Pittdən ayrılmasından sonrakı şəxsi həyatı haqqında danışıb.
Sfera.az xəbər verir ki, o bu mövzuya ilk dəfə olaraq “Yahoo Entertainment” nəşrinə müsahibəsində toxunub.
Son 10 il ərzində adı müxtəlif eşq macəralarında hallanan 51 yaşlı aktrisa sükutu pozub və bu müddət ərzində heç kimlə görüşmədiyini etiraf edib:
“Düzünü desəm, 10 il əvvəl boşanma ərizəsi ilə müraciət etdiyim gündən indiyədək heç kimlə görüşməmişəm. Qərar vermişdim ki, uşaqlara və ailəyə tam diqqət yetirdiyim müddətdə həyatımın bu sahəsi mənim üçün prioritet olmayacaq”.
Bununla belə, Coli keçdiyi ağır sınaqlardan sonra həyata baxışını dəyişməyə hazır olduğunu söyləyib.
“Bəli, hər şey dəyişir, amma heç də gözlədiyim kimi deyil. Mən 51 yaşımın olduğunu və qocalıq barədə düşünməli olduğumu hiss etmirəm. Düşünürəm ki, yenidən yaşamağa başlamalıyam. Yenidən azad olmalıyam. Müəyyən mənada həyat məni bir az sındırdı”, - Hollivud ulduzu deyib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2016-cı ildə ayrılsalar da, onların boşanma prosesi yalnız 2024-cü ildə yekunlaşıb. Bred Pitt 2022-ci ildən etibarən zərgərlik məmulatları üzrə dizayner İnes de Ramon ilə sevgilidir.



