Fatih Ürekin bacısından miras açıqlaması: "Hamısını satacağıq"

Türkiyəli məşhur müğənni və aparıcı Fatih Ürekin ölümündən sonra onun mirası ilə bağlı müzakirələr davam edir.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, mirasla bağlı açıqlama verən Ürekin bacısı Selvi Ürek qardaşının əşyaları ilə bağlı planlarını açıqlayıb.
“Onlarla, yüzlərlə ayaqqabısı var. Dəyərli çoxlu geyimi də var, çünki geyimlərə çox pul xərcləyirdi. Hamısını satacağıq. Ondan xatirə olaraq bir qolbaq götürdüm. Zinət əşyalarının bir hissəsini almaq istəyənlər aldı, bir hissəsi də satıldı”, – deyə o bildirib.
Selvi Ürek qeyd edib ki, sənətçinin düşündükləri qədər böyük nağd sərvəti olmayıb:
“O qədər də böyük maddi yığımı yox idi. Həyat sığortaları var idi. Vergi və banklara kredit borcları vardı. Xəstəlik dövründə bəzi ödənişləri geri qaytarmaq məcburiyyətində qaldıq. Şükür ki, borclarının böyük hissəsi öz vəsaitləri hesabına ödənildi”.
Bacısı ailə daxilində mirasla bağlı problem olmadığını da vurğulayıb: “Miras haqdır. Kürklərini də, ayaqqabılarını da satacağıq və əldə olunan gəliri bağışlayacağıq”.
İddialara görə, Fatih Ürekin Bodrum Yokuşbaşı ərazisində təxminən 170 milyon lirə dəyərində malikanəsi, Ataşehirdə 5 mənzili, bank hesablarında vəsaiti, təxminən 6 milyon lirə dəyərində avtomobilləri, həmçinin brilyant və zinət əşyaları olub. Ailə isə bu əmlaklarla bağlı qərarların hüquqi miras çərçivəsində veriləcəyini bildirib.
Bəsti Rəfizadə
Sfera.az
