Hər kəsin gördüyü göyqurşağı niyə fərqlidir?

Göy üzündə yağışdan sonra yaranan göyqurşağı əslində fiziki bir obyekt deyil hər insanın gözünə görə dəyişən optik bir görüntüdür.
Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Günəş işığı yağış damcılarının içindən keçərkən sınır, əks olunur və rənglərə ayrılır. Bu proses nəticəsində yaranan görüntü hər bir müşahidəçi üçün fərqli bucaqdan formalaşır. Yəni yan-yana duran iki insan belə eyni göyqurşağını tam eyni formada görmür.
Alimlər bildirir ki, qırmızı işıq təxminən 42°, mavi işıq isə 40° bucaq altında gözə çatır. Bu da göyqurşağının rənglərinin və görünüşünün hər insana görə bir qədər dəyişməsinə səbəb olur.
Bundan əlavə, göyqurşağı “antisolar nöqtə” ətrafında dairəvi formada yaranır. Lakin biz adətən yalnız onun bir hissəsini görə bilirik.
Mütəxəssislər qeyd edir ki, bəzən ikinci və daha zəif göyqurşağı da müşahidə olunur. Bu, işığın yağış damcısının içində iki dəfə əks olunması nəticəsində yaranır və rənglər tərsinə düzülür.
Alimlərin fikrincə, göyqurşağının ölçüsü dəyişmir, lakin hər kəs onu öz baxış bucağına uyğun “şəxsi” şəkildə görür.
Mənsumə
