Məşhur müğənni: "Övladlarım atalarına görə çətinlik çəkir"

Məşhur müğənni: "Övladlarım atalarına görə çətinlik çəkir"
Kateqoriya məlum deyil
T

 

Məşhur amerikalı müğənni Kelli Klarkson son dövrlərdə yaşadığı ailə faciəsi ilə gündəmə gəlib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi ötən ilin avqust ayında vəfat edən keçmiş əri və meneceri Brandon Blackstockin ölümündən sonra iki övladı ilə birlikdə çətin bir mərhələdən keçib.

 

43 yaşlı ifaçı YouTube kanalında yayımlanan səmimi söhbətində bildirib ki, 9 yaşlı River Rose və 11 yaşlı Remington atalarını çox erkən yaşda itirdikləri üçün bu itkini anlamaqda və qəbul etməkdə çətinlik çəkirlər. Klarkson qeyd edib ki, uşaqlarına emosional dəstək olmaq üçün hər gün xüsusi həssaslıq göstərir.

 

Müğənni “Qucaqlamağın gücünə inanıram” deyərək, fiziki təmasın uşaqlar üçün böyük təsəlli mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, övladları artıq bəzi işləri müstəqil görə bilsələr də, qucaqlaşma və yaxınlıq ehtiyacı hələ də onlar üçün vacibdir.

 

Klarkson həmçinin uşaqlarının gecələr öz yatağında onunla birlikdə qalmasına icazə verdiyini bildirib. Bu sadə, lakin mənalı addımın ailə bağlarını daha da gücləndirdiyini deyən sənətçi, çətin dövrdə birlikdə olmağın ən böyük təsəlli olduğunu qeyd edib.

 

Sənətçi üçün bu mərhələ həm ana kimi, həm də insan olaraq böyük sınaq olsa da, o, uşaqlarına həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrətməyə çalışdığını deyib. Klarksonun sözlərinə görə, ən vacib məsələ övladlarının özlərini tək hiss etməməsidir.

 

Məsumə

Sfera.az

 

PAYLAŞ