Məşhur Hollivud ulduzu vəfat etdi - FOTOLAR

ABŞ-nin tanınmış aktyoru Robert Duvall 95 yaşında vəfat edib. “The Godfather” və “Apocalypse Now” kimi zəngin ekran işləri ilə şöhrət qazanan sənətkarın ölüm xəbərini həyat yoldaşı açıqlayıb.
Sfera.az xəbər verir ki, aktyorun həyat yoldaşı Luciana Pedraza sosial şəbəkədə paylaşım edərək onun evində dünyasını dəyişdiyini bildirib.
O qeyd edib ki, Duvall yaxınlarının əhatəsində həyata gözlərini yumub.
1931-ci ildə Kaliforniyada anadan olan aktyor Koreya müharibəsindən sonra hərbi xidmət keçib, daha sonra Nyu-Yorka köçərək məşhur aktyorluq müəllimi Sanford Meisnerdən dərs alıb. O, ilk ciddi rolunu 1962-ci ildə “To Kill a Mockingbird” filmində “Boo Radley” obrazı ilə canlandırıb və dialoqu olmasa da tamaşaçıların diqqətini çəkməyi bacarıb.
Aktyor “The Godfather” filmində “Tom Hagen”, “Apocalypse Now” filmində isə polkovnik “Bill Kilqor” obrazları ilə kino tarixində iz qoyub. 60 ildən çox davam edən karyerası ərzində Duvall “Tender Mercies” filmindəki roluna görə Oskar mükafatına layiq görülüb, həmçinin BAFTA, Qızıl Qlobus və “Primetime Emmy” mükafatları qazanıb.
O, yalnız aktyor kimi deyil, rejissor və ssenarist kimi də fəaliyyət göstərib. 1997-ci ildə çəkilən “The Apostle” filmində baş rolu oynamaqla yanaşı, ekran işinin ssenarisini yazıb və rejissorluğunu da özü edib.
Bəsti Rəfizadə
Sfera.az






