"İki nəfər yolumu bağlamağa çalışdı və ailəmi dağıtmaq istəyənlər...." - Ofelya Şabanova ilə MÜSAHİBƏ

"İki nəfər yolumu bağlamağa çalışdı və ailəmi dağıtmaq istəyənlər...." - Ofelya Şabanova ilə MÜSAHİBƏ
Kateqoriya məlum deyil
T

Son zamanlar şou-biznes aləmində baş verən proseslər, sənət adamlarının şəxsi həyatı və efirlərdə səsləndirdikləri fikirlər ictimai marağa səbəb olur. Xüsusilə də açıq mövqeyi, səmimi çıxışları və cəmiyyət üçün vacib hesab etdiyi ailə dəyərlərinin təbliği ilə seçilən sənətçilər daim diqqət mərkəzindədir. Bu mənada səsi ilə yanaşı, televiziya efirlərində qalmaqallı açıqlamaları, müzakirələrə səbəb olan fikirləri ilə gündəmdən düşməyən ifaçı Ofelya Şabanova da son günlər ən çox danışılan simalardan biridir.

 

Sfera.az-ın əməkdaşı gündəmi zəbt edən mövzularla bağlı Ofelya Şabanova ilə həmsöhbət olub.

 

- Müğənni kimi fəaliyyətə necə başladınız? Bu yolda sizi ən çox kim dəstəklədi?

 

- İlk addımlarımda hər zaman anam və atam yanımda olub. Onların hər ikisinin gözəl səsi var idi və musiqiyə xüsusi sevgiləri olub. Atam bir dövr ifaçı kimi fəaliyyət göstərib, anam isə oxumağa icazə verilməsə də, çox gözəl səsə sahib idi. O illərdə səhnədə ifa edən insanlara cəmiyyətdə bugünkü kimi müsbət yanaşma yox idi, bu sahəyə bir qədər ehtiyatla baxılırdı. Buna baxmayaraq, valideynlərim musiqiyə olan marağımı heç vaxt öldürmədilər. Konsertlərə getməyimə, səhnə mühiti ilə tanış olmağıma icazə verirdilər və mənə hər zaman mənəvi dəstək olurdular. İndiki dövrdə bir çox valideyn övladının müğənni olmasını israrla istədiyi halda, o vaxtlar bu, geniş yayılmış yanaşma deyildi. Məhz bu anlayışlı və balanslı münasibət sayəsində mən musiqi ilə sağlam şəkildə böyüdüm. Valideynlərimin dəstəyi və yönləndirməsi ilə 12 yaşımdan etibarən oxumağa başladım.

 

"Deyə bilmərəm ki, filankəs yolumu kəsib"

 

- Sənət yolunda sizə qarşı çıxan və ya mane olmağa çalışan insanlar olubmu? 

 

- Sənət aləmindən olan iki nəfər zamanında yolumu bağlamağa cəhd edib. Amma mən heç vaxt onların adını çəkməmişəm və bundan sonra da çəkmərəm. Çünki bunu özümə yaraşdırmıram, belə şeyləri dilə gətirməyi tərbiyəsizlik hesab edirəm. Ən azından mənə uyğun deyil ki, çıxıb deyim: filankəs mənim yolumu kəsdi, qarşıma maneə qoydu. Bəli, olub ki, bir çox aparıcılara tapşırıblar Ofelyanı səhnəyə buraxmayın, ona yer verməyin. Amma bütün bunlara baxmayaraq, mən heç vaxt şikayət etməyi, kimisə günahlandırmağı seçmədim. İnandım ki, hər şeyin bir ədaləti var. Allah qaldıran bəndəni isə heç kim yıxa bilməz. Əgər insanın qismətində irəliləmək, ayaqda qalmaq varsa, nə qədər maneə yaradılsa da, o yol yenə açılır. Mən də bu inamla yoluma davam etdim.

 


- Həyat yoldaşınızla tanışlığınız necə baş tutdu? Bu tanışlıq zamanla necə münasibətə çevrildi?

 

- Həyat yoldaşımla tanışlığım 16 yaşımda olub. Ümumiyyətlə, hər birimiz erkən nikahın əleyhinəyik. Düşünürəm ki, qızın ailə qurmaq üçün daha gec təxminən 23-24 yaşlarında qərar verməsi onun həm psixoloji, həm də emosional baxımdan daha yetişmiş olmasına kömək edir. Mənim hekayəm bir qədər fərqlidir. 16 yaşımda həyat yoldaşımın ailəsinə məxsus restoran var idi. Mən orada ifa edərkən məni görmüşdülər. Sonradan tez-tez dəvət edirdilər, amma hər zaman atam və qardaşımla birlikdə gedirdim. Restoranda keçirilən nişan və toy məclislərinə çağırılırdım, səhnəyə çıxıb oxuyurdum. Zamanla həmin mühitdə tez-tez qarşılaşmağa başladıq, ünsiyyət yarandı və əvvəlcə sadə bir dostluq formalaşdı.


Bu dostluq tədricən daha dərin bir bağa çevrildi və sonda aramızda sevgi yarandı. O dövrdə mən çox gənc olsam da, həyat yoldaşım mənim inkişafımda, dünyagörüşümün formalaşmasında böyük rol oynadı. Məni təkcə dəstəkləmədi, həm də həyatı daha düzgün anlamağım, daha güclü və məsuliyyətli biri olmağım üçün yol göstərdi. Bu mənada deyə bilərəm ki, məni həyat yoldaşım yetişdirdi.

 

"Onlar mənimlə üzbəüz çıxıb oxumağa qorxurlar"

 

- Həyat yoldaşınızla bağlı çıxışlarınızın cəmiyyətdə birmənalı qarşılanmamasını nə ilə əlaqələndirirsiniz? Sizcə, bunun əsas səbəbi nədir?

 

- Cəmiyyət bunu çox gözəl qarşılayır. O şərhləri yazanlar isə bəzi müğənnilərin saxta profilləridir. Onların bəzən 200-300 saxta səhifəsi olur. Hərəsi bir neçə şərh yazanda, təbii ki, oradan çoxlu rəy çıxır. Amma camaat bunu heç vaxt pis qəbul etməyib. Çünki mən el içində olan insanam və el məclislərinə gedəndə həmişə çox gözəl qarşılanıram. Uşaqdan tutmuş ağsaqqala, ağbirçəyə qədər.


Deyirlər ki, “Ofelya xanım, nə yaxşı sizin kimi ailə dəyərlərini təbliğ edən bir sənətkar nəhayət səhnəyə gəldi. Siz bu qədər ailə dəyərlərini önə çəkirsiniz, sizi çox sevirik”. Bunu deyən bir cəmiyyət sizcə mənim sözümü pis qəbul edə bilərmi? Əsla.


Ona görə də bəzi “müğənniciklərin”, dırnaqarası oxuyanların narahatlığı başadüşüləndir. Elə oxuyanlar var ki, Ofelya ilə üzbəüz çıxıb oxumağa qorxurlar. Hətta Ofelyanın danışığından belə çəkinirlər. Bunları mən sadəcə eşitməmişəm, şahidi də olmuşam. Aparıcılar tərəfindən mənə deyilib ki, filankəs sənə görə gəlmir. Səbəbini soruşanda isə deyirlər: “Birdən məni Ofelya ilə oxudarsan”. Məndən zəif oxuyana mən heç vaxt mikrofon uzatmaram. Bu özü elə zəiflikdir. Mən səhnədə şir, aslanla döyüşürəm.

 

 

- Həyat yoldaşınıza olan bağlılığınız ailə tərbiyəsindən qaynaqlanır, yoxsa bu, sizin şəxsi xarakterinlə bağlıdır ?

 

-Bu düşüncəni mən anamdan görmüşəm. Ailə belə olmalıdır. Xarakter ayrı şeydir, ailə isə tamam başqa. Anamdan görmüşəm ömür boyu atamın qulluğunda dayanıb, atamın ayağını yuyub. Mən belə görmüşəm, belə də yetişmişəm. Bunu hər dəfə deyəndə bəziləri deyir ki, “bu nə danışdı, bu nə elədi?”, amma mənim gördüyüm, öyrəndiyim budur. Həmişə demişəm ki, kimin xoşu gəlmirsə, baxmasın mənə, şərh də yazmasın. Məni sevməyənin mənim səhifəmdə nə işi var? Demək ki, ürəyiniz gedir, Ofelya kimi olmaq istəyirsiniz, Ofelya kimi danışmaq istəyənlər var.


Ofelya həyat yoldaşından danışandan sonra sənətçilərin çoxu ad-san qazanmışı da, sıradan ifaçısı da birdən-birə “ərim” sözünü dilinə gətirməyə başladı. Dedim, ay Allah, nə oldu bunlara? Amma bir tərəfdən də sevindim. Sevindim ki, nə yaxşı ki bunlara yaxşı bir şey öyrədə bildim. Mən həmişə demişəm: məni sevənlərin ürəyində olacam, sevməyənlərin isə beynində. Qurd kimi yeyəcəm onların beynini.

 

“Ofelya, özünə hörmət qoyursansa, sus”

 

- Siz, sevdiyiniz və dəyər verdiyiniz qədər sevilirsinizmi?

 

- Əlbəttə ki, dəyər görən bir qadınam. Yoldaşım mənimlə çox gözəl rəftar edir. Düzdür, əsəbləşəndə əsəbləşir, amma övladlarımıza bir yerdə tərbiyə veririk, bir yerdə böyüdürük. Hərçənd tərbiyə işi adətən ananın üzərinə düşür, amma biz əl-ələ verib övladlarımızı yetişdiririk. Hər ikimiz öz işində olan adamlarıq. İndiyə qədər mənə maraqlı olmayıb ki, kim necə yaşayıb, ailəsi ilə bağlı nə düşünüb. Kimlərsə efirdən mənə söz atanda yoldaşım həmişə deyir ki, sadəcə sus. Son qalmaqallarda da mən susdum, cavab vermədim. Bunun da səbəbi həyat yoldaşımın veriliş zamanı uzaqdan mənə deməsi oldu: “Ofelya, özünə hörmət qoyursansa, sus”. Mən də “əlbəttə” dedim və susdum. Çünki 16 yaşımdan indiyə qədər məni yoldaşım məni yetişdirib. Nə deyirsə, uzaqdan da anlayıram. Mən əsla qorxaq qız deyiləm. Mənə nəsə deyənlərə on qat cavab da verə bilərəm. Amma həyatda itirəcək çox şeyim var. Danışsam, özümü, danışığımı itirərəm deyə susuram. Ən azından abırıma, həyama xələl gələr. Heç vaxt qorxaq olmamışam. Şərəfsiz insan qorxaq olar, qorxaq isə həmişə yaltaq olar. Yaltaq da, mənim bəzi “dostlarım” kimi, adamı kürəkdən vurar. Mən nə yaltağam, nə də qorxaq. Ömür boyu sözün düzünü demişəm.

 

 

- Maraqlıdır, Ofeliya Şabanova üçün indiyədək verilən ən dəyərli hədiyyə nə olub?

 

- Yalandan deməyəcəyəm ki, yaxınlarım mənə filan-filan hədiyyə alıb. Alıblarsa, sağ olsunlar, dəyərli xanımlardır ki, alıblar. Mənim üçün ən böyük, ən dəyərli hədiyyə oğlanlarımın 8 Martda mənə verdiyi açıqca idi. Üzərində sadə, amma çox mənalı sözlər yazılmışdı: “Ana, mən səni çox istəyirəm”. Məhz o açıqca mənim üçün bütün hədiyyələrdən qiymətli oldu. Çünki o sözlərin içində sevgi var idi, səmimiyyət var idi, ana-övlad bağının ən saf ifadəsi var idi. Mənim üçün bundan böyük hədiyyə ola bilməz.

"İndi də ailəmizi dağıtmaq istəyənlər var"

 

- Bir müddət əvvəl sosial şəbəkələrdə həyat yoldaşınızın sizə xəyanət etməsi ilə bağlı görüntülər yayılmışdı. Sizcə, bu, ailənizə zərər vermək məqsədi daşıyan bir addım idimi? Həmin şəxs şou aləmindən ola bilər?

 

- Məncə burada kimlərsə qəsdən zərər vermək istəyirdi. Amma bu, aparıcının günahı deyildi. Mən günaha girməkdən çox qorxan insanam, ona görə də məsələni dəqiqləşdirmədən heç kimi ittiham etməyi özümə yaraşdırmıram. Elə buna görə də Zaur Nəbioğluna açıq şəkildə dedim: “Bunu sən eləmisən?” Hətta etiraf edim ki, reklam fasiləsində aramızda ciddi mübahisə də oldu. Sonra Zaur mənə sübut göstərdi. Dedi ki, həmin material ona “TikTok” üzərindən göndərilib. O bunu mənə göstərdi. Mən də vəziyyəti anlayandan sonra dərhal üzrxahlıq etdim. Çünki haqsız yerə kiminsə günah altına girməsini istəmirəm. Əslində bu hadisə kənardan məni sevməyən insanların ailəmi dağıtmaq üçün atdığı bir addım idi. Amma buna nail ola bilmədilər. Təəssüf ki, indi də ailəmizi dağıtmaq istəyənlər var. Amma mən elə ağılsız qadın deyiləm ki, kimlərəsə görə ailəmi dağıdım. Hansısa yoldan keçən insanların söz-söhbətinə görə ailə qurban verilməz. Mən ailəni dağıtmaq üçün qurmadım. Əgər məqsədim bu olsaydı, heç ailə qurmazdım. Mənim niyyətim hər zaman ailəmin axıra qədər yanımda olması olub. İstədiyim tək şey övladlarımın sağlam, gözəl tərbiyə alaraq böyüməsidir.

 

- Sizi səsinizdən başqa digər müğənnilərdən fərqləndirən xüsusiyyətiniz nədir? 

 

- Mən bir tamaşaçı kimi Ofelya Şabanovaya baxıb danışıram. Deyirəm: ay qara-qura, eybəcər qız, sənin o ürəyin var e, nə boydadır məhz ona görə də səndən xoşum gəlir. Mən heç vaxt demirəm ki, qoy camaat mənə mütləq sənətkar desin. Sadəcə işimi görürəm, yolumu gedirəm. Amma etiraf edim ki, sənətkarlar özləri mənə sənətkar deyəndə bu, adamın ürəyini isidir, xoş hiss yaradır. Ən əsası isə budur ki, Flora Kərimova, Nisə xanım Qasımova kimi böyük sənət adamları bu həyatda mənə sənətkar deyiblər. Onların dediyi bir söz mənim üçün sadə tərif yox, böyük stimul olub. O sözlər məni ayaqda saxlayıb, irəli aparıb və yoluma daha inamla davam etməyimə səbəb olub.

 

 

"Ev yiyəsinə deyirəm ki, məni onların yanında oturtmayın"

 

- Efirlərdə sizi narahat edən məqamlar olur? Məsələn, siz müğənnilərin hansı davranışlarını qınayırsınız və etmərəm deyirsiniz?

 

- Əlbəttə ki, belə davranışlar çoxdur. Bəzən elə insanlar olur ki, özlərini son dərəcə biabırçı şəkildə aparırlar. Amma bunu hamıya şamil etmirəm. Çox tərbiyəsiz davranan, hardasa 6-7 nəfər qadın var ki, el məclislərində söyüşlü, yaraşmayan sözlər işlədirlər. Belə olanda mən utanıram və dərhal stolumu dəyişirəm. Ev yiyəsini çağırıb xahiş edirəm ki, ya onların yanında, ya da qohum-əqrəbasının olduğu yerdə əyləşim.


Soruşurlar ki, “Ofelya xanım, niyə?” Deyirəm ki, həmin müğənni çox pis, yaraşmayan ifadələr işlədir. Bundan sonra da başlayırlar qınamağa ki, guya “Ofelya yenə danışdı”. Amma Ofelya düz danışır, haqqına danışır. Özünüzə gəlin də… Mənim xalqımın qeyrətli oğullarının başını niyə aşağı salırsınız? Axı ayıbdır. Biz necə gözəl bir ölkədə yaşayırıq. Bu cür davranışlar biabırçılıqdır. Səhnəni pis günə qoyurlar, kənarda da ağızlarına gələni danışırlar. Sonra da bir şey tapa bilməyəndə deyirlər ki, “Ofelya Şabanova belə dedi” və sair.

 

- Bəzi müğənnilərin yarım saatlıq toy üçün istədiyi qonorar bu yaxınlarda müzakirələrə səbəb olmuşdu. 30 dəqiqəlik məclis üçün 5-10 min manat tələb edənlər var. Siz necə?

 

- Mən ona inanmıram, bu, yalan söhbətdir. Çünki dəfələrlə eşitmişəm ki, bəzi müğənnilər ev yiyəsi ilə danışanda deyirlər: bu qədər pul alacağam, amma camaata deyərsiniz ki, bu qədər vermisiniz. Yəni öz qonararlarını şişirdirlər. Bu, xalqı aldatmaqdır və ayıbdır. Axı bu xalq bizi qaldırır, bizə dəyər verir. Mən isə damara baxıb qan alaram. Halallıq mənim üçün həyatda ən gözəl anlayışdır. Aldığım pulun müqabilində istəyirəm ki, canlı musiqi oxuyum, halallıq olsun. Hansı toyu oxumuşamsa, sonda mütləq ev yiyəsindən halallıq almışam. Onlar da deyiblər: Ofelya xanım, halal xoşunuz olsun, siz axıra qədər canlı oxudunuz. Mən camaata yüksək qonorar oxumuram. Nə alıramsa, zəhmətimlə, alnımın təri ilə, halal-halal alıram. Mənim üçün əsas olan pulun çoxluğu yox, onun halal olmasıdır.

 

Fidan Hacızadə
Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
PAYLAŞ